Son illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Ölkəmiz artıq qlobal müstəvidə proseslərə təsir göstərən fəal aktor kimi çıxış edir. Dövlətimizin ədalət prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa söykənən mövqeyinə beynəlxalq səviyyədə verilən dəstək bu reallığın göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Azərbaycanın qlobal tərəfdaş kimi beynəlxalq birlik tərəfindən qəbul olunduğunu söyləyən Şahin İsmayılov qeyd edib ki, uğurların təməlində Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara əsaslanan, müstəqil və praqmatik siyasəti dayanır. İnstitusional yanaşma və strateji düşüncə ilə yürüdülən siyasət ölkəmizi uğurdan-uğura, qələbədən-qələbəyə daşıyır.
Milli maraqların təmin olunmasının Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin əsas xəttini təşkil etdiyini söyləyən Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Prezidentinin Davos səfəri çərçivəsində “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi, ölkəmizin strateji məqsədi daim milli maraqlar əsasında, beynəlxalq hüquqa tam riayət edərək nəticələr əldə etməkdən ibarət olub. “Məhz dövlətimizin başçısının müdrik liderliyi ilə qüdrətlənən Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, bu gün isə regionda böyük iqtisadi inkişaf vəd edən sülhü bərqərar edir. Bu uğurlar beynəlxalq miqyasda da izlənilir və yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz bunun parlaq təzahürüdür”, – deyə komitə sədri bildirib.
Şahin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirdiyi görüşlər ölkəmizin siyasi və iqtisadi gündəminin olduqca zəngin olduğunu nümayiş etdirir. Dövlətimizin başçısının Amerika Birləşmiş Ştatları Prezidenti ilə ikitərəfli görüşü, “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı, digər liderlərlə, beynəlxalq təşkilatların rəhbərləri və iri transmilli şirkətlərin təmsilçiləri ilə apardığı müzakirələr ölkəmizin dialoqa açıq və etibarlı tərəfdaş kimi artan rolunu, habelə qlobal siyasi proseslərdə fəal iştirakçı kimi qəbul olunduğunu təsdiqləyir.















