Dənizkənarı Milli Parkda attraksionlar yeni formatda fəaliyyətə başladı — təhlükəsizlik və rahatlıq ön plandabackend

Dənizkənarı Milli Parkda yenilənmiş attraksion zonası fəaliyyətə başlayıb. Bir neçə il əvvəl istismar müddəti bitdiyi üçün dayandırılan əyləncə qurğuları indi tam fərqli dizaynda, müasir standartlara uyğun şəkildə ziyarətçilərin ixtiyarına verilib.

İctimai.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, yenilənmiş attraksionlar həm təhlükəsizlik, həm də rahatlıq baxımından əvvəlkilərdən fərqlənir.

“Yeni attraksionlar müasir texniki tələblərə cavab verir. Hər gün texniki baxış keçirilir və təhlükəsizlik nəzarəti yüksək səviyyədə təmin olunur. Eyni zamanda, qurğuların istifadəsi daha rahat və əlçatan edilib,” – deyə Əfsanə Mehdiyeva bildirib.

Mətbuat katibi həmçinin vurğulayıb ki, ziyarətçilərin rahatlığı üçün nağdsız ödəniş və bilet terminalları sistemi də tətbiq olunur:

“Hazırda nağdsız bilet satışı sistemi test mərhələsindədir. Yaxın vaxtlarda tam istifadəyə veriləcək və ziyarətçilər attraksionlara bilet almağı bir neçə toxunuşla həyata keçirə biləcəklər. Bu, həm sıxlığın qarşısını alacaq, həm də prosesi daha şəffaf edəcək.”

Hazırda bulvar ərazisində iki attraksion zonası fəaliyyət göstərir – biri uşaqlar, digəri böyüklər üçün nəzərdə tutulub. Uşaqlar üçün biletlər 3 manat, böyüklər üçün isə 4 manat təşkil edir. Hər attraksionda ödənişlə 3–4 dəqiqə əylənmək mümkündür.

Bulvar İdarəsindən verilən məlumata görə, attraksionlardan əldə olunan gəlirlər bulvarın qorunması, saxlanılması və yaşıllıqların artırılmasına yönəldiləcək.

Ərazidə həmçinin Bulvarın ümumi üslubuna uyğun yeni köşklər və oturma zonaları quraşdırılıb, xidmət infrastrukturunda müasirlik və rahatlıq ön plana çəkilib.