Deputat: “Aprel döyüşləri zəfərin başlanğıcı oldu, tariximizə qızıl hərflərlə yazıldı”backend

“2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə başlayan Aprel döyüşləri xalqımız üçün önəmli tarixlərdən biridir. Həmin vaxt qəhrəman Azərbaycan övladları düşmənə gücümüzlə bağlı mesaj ötürdü. O vaxt düşmən müharibədə zəifliyi ilə bağlı açıqlamadan yayınsa da nəticə açıq şəkildə görünürdü. Əslində, onlar bu döyüşdən dərs çıxarmalı idi. Xəstə təfəkkürlü, özləri üçün mif yaradan erməni tərəfi müxtəlif uydurma və xəyal məhsullarının nəticəsində özünü güclü zənn edirdi. Onlar həm də Azərbaycan tərəfinin heç vaxt ağır döyüşləri sona qədər davam edəcəyini düşünmürdülər. Bu məsələdə onların havadarlarının da böyük rolu var idi. Belə bir ideologiya onların 4 il sonra biabırçı şəkildə uduzmasına səbəb oldu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib. Deputat vurğulayıb ki, döyüşlər başlayanda biz bir daha vətənpərvərlik və ruh yüksəkliyinin şahidi olduq:

“Həmin dövrdə baş verən siyasi proseslərlə əlaqədar olaraq dörd günlük müharibə Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi və qarşı tərəfə sərt mesaj verildi. Müzəffər Ali Baş Komandan nəyi, necə və nə vaxt etmək lazım olduğunu çox yaxşı bilir. O, bütün vaxtlarda düzgün analiz etməyi, situasiyaları qiymətləndirməyi və prosesləri idarə etməyi ən yaxşı şəkildə bacaran dövlət başçısıdır. Dörd günlük müharibədən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri “Azərbaycanın Milli Qəhrəmanı”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş, 2 nəfər isə “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılmışdır. Bu Ali Baş Komandanın 4 gün davam edən müharibəyə və Silahlı Qüvvələrin üzvlərinə göstərdiyi həssasiyyətin göstəricisi idi”.

Millət vəkili qeyd edib ki, “Aprel döyüşləri” zəfərin başlanğıcı olmaqla, tariximizə qızıl hərflərlə yazılıb: “Artıq bütün dünyaya bəyan olunub ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını düşməndən azad edib, qalib xalqdır və regionda söz sahibidir”.