Deputat: Azərbaycan dövlətinin gənc nəsilə qoyduğu sərmayə öz bəhrəsini verməkdədirbackend

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, YAP idarə heyətinin üzvü Şahin İsmayılov “Modern.az”a açıqlamasında qeyd edib ki, son illər həyata keçirilən islahatlar prosesində gəncləşdirmə siyasəti xüsusilə nəzərə çarpır. Ölkə Prezidentinin kadr siyasətinin əsas tərkib hissəsi məhz bundan ibarətdir:

“Təbii ki, kadr seçimində ən önəmli amillərdən biri və birincisi peşəkarlıqdır. Son bir neçə il ərzində baş tutan təyinatlar göstərdi ki, gənc kadrlar onlara göstərilən etimadı doğrultmağı bacarıb”.

Deputatın sözlərinə görə, gənclər sahəsi xüsusi diqqət və qayğı ilə əhatə olunub:

“Gənclərin xarici ölkələrin müxtəlif nüfuzlu təhsil müəssisələrində təhsil alması, ölkəmizdə bütün sahələr üzrə təcrübə toplaması, özünü inkişaf etdirməsi üçün müxtəlif proqramlara cəlb olunması istiqamətində çoxsaylı əməli işlər görülüb. Dəfələrlə gənclərlə bağlı dövlət proqramları icra olunub. Təbii ki, bu proqramlar gənclər üçün böyük fürsətlər yaradıb. Yalnız dövlət qurumlarında deyil, özəl sahədə də gənclərin rolu aydın şəkildə görünür. Beynəlxalq təmsilçilik gənclər arasında savadlı kadrların yetişdirilməsinə təkan verib. Biz sayılıb-seçilən istənilən bir gəncin bioqrafiyasına nəzər salsaq görərik ki, onun karyerasında təhsil, sosial fəaliyyət, beynəlxalq təmsilçilik, dövlət proqramlarından faydalanması kimi nüanslar mövcuddur”.

Ş.İsmayılov vurğulayıb ki, Azərbaycan gəncliyinin uğurlu fəaliyyəti müxtəlif sahələrdə hiss olunur:

“Hərb sahəsi, idman, mədəniyyət, təhsil, dövlət idarəçiliyi də daxil olmaqla bütün istiqamətlər üzrə gənclərimizin uğurlarını görmək mümkündür. Burada ideoloji işin görülməsi müstəsna rol oynayır. Ölkəmizdə yetişən vətənpərvər gənclik dövlətimizin inkişafı üçün səfərbər olmaqla öz üzərinə müqəddəs missiyanı götürüb.

Gənc kadrların müxtəlif yüksək vəzifələrə təyinat almasını tez-tez görürük. Əslində, bu, onun göstəricisidir ki, gənclər onlara olan ümidləri doğruldur. Azərbaycan dövlətinin gənc nəsilə qoyduğu sərmayə öz bəhrəsini verməkdədir. Burada təhsillə yanaşı yeni çağırışlar, çevilkik və yüksək enerji də mühüm rol oynayır”.