Deputat: Azərbaycan-Litva arasında sıx təmasların baş tutması böyük əhəmiyyətə malikdirbackend

Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində geniş tərkibdə görüşlər olub, hər iki ölkənin prezident mətbuata bəyanatla çıxış etmişdir. Səfər çərçivəsində Azərbaycan-Litva biznes forumu keçirilib və biznes forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında əmək müqaviləsi imzalanmışdır və bir çox sahələr üzrə də ikitərəfli sənədlər imzalanmışdır.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, imzalanan sənəd, Azərbaycan və Litva arasında ticarət, investisiya və xidmətlərə dair əməkdaşlığın təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə təsir göstərən maneələrin aradan qaldırılmasına müvafiq dəstəyin göstərilməsi, müxtəlif beynəlxalq iqtisadi təşkilatlarda, üçüncü ölkələrdə həyata keçirilən fəaliyyətlər zamanı tərəflərin bir-birini təşviq etməsi kimi məsələləri özündə ehtiva edir:

“Bununla yanaşı, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunmuşdur.
Həmçinin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Dövlət başçısı qeyd etmişdir ki, aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir.
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı demişdir ki, əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq.

İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu.
Prezident İlham Əliyev qeyd etmişdir ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub”.
Deputat vurğulayıb ki, Litva Prezidenti Gitanas Nauseda öz bəyanatında ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır: “Litva Prezidenti qeyd etmişdir ki, Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır”.

S.Hüseynova qeyd edib ki, bunların hamısı onu göstərir ki, Azərbaycan və Litva arasında münasibətlər yüksələn xəttlə zirvəyə doğru inkişaf edir: “Digər tərəfdən bu həmçinin onu göstərir ki, ölkəmizin Vətən müharibəsindən tarixi Zəfərdən sonra bölgədə yaratdığı reallıqlar ayrı-ayrı dövlətlər tərəfindən qəbul edilir. Litvanın da Avropa İttifaqına daxil olan bir ölkə kimi bu reallıqları qəbul etməsi həmçinin onu göstərir ki, Aİ-ə daxil olan ölkələr Azərbaycanın bölgədə qüdrətli bir ölkə olmasını qəbul edirlər, həmçinin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərirlər və Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırlar. Azərbaycan-Litva arasında belə sıx təmasların baş tutması bu baxımdan böyük əhəmiyyətə malikdir.

Bildiyiniz kimi Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. 1995-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2007-ci ildə isə Litvanın Azərbaycanda, daha sonra isə Azərbaycanın Litvada səfirlikləri açılmıdır. Bu illər ərzində iki ölkə arasında xüsusi əhəmiyyət kəsb edən bəyannamələr, onlarla saziş və müqavilələr imzalanmışdır. Bu səfərin bu cür formatda baş tutuması isə onu göstərdi ki, hər iki ölkə əlaqələrin inkişaf etməsinə, mehriban və dostluq münasibətlərinin qurulmasına zəmin yaratmışdır”.