Deputat: Bu il Azərbaycan xalqı Novruz bayramını tamam fərqli ab-havada keçirirbackend

Bu il Azərbaycan xalqı Novruz bayramını tamam fərqli ab-havada keçirir. Xalqımızın ən böyük arzusu artıq gerçəkləşib, Azərbaycan öz ərazi bütövlüyünə qovuşub. Ölkə başçısı bu il xalqımızı məhz Azərbaycanın qədim şəhəri Şuşadan, Cıdır düzündən təbrik etdi. Əgər Şuşa şəhəri işğal olunanda Azərbaycan xalqı dərin mənəvi sarsıntı, böyük ağrı-acı yaşamışdısa, bu qədim Azərbaycan şəhərinin işğaldan azad olunması ilə xalqımız çox böyük mənəvi rahatlıq tapdı, qürur yaşadı. Təbii bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusudur.

İctimai.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışırdı və Ali Baş Komandan buna nail oldu. Əslində, ölkə başçısının fəaliyyətini təhlil etdikdə görərik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası onun siyasətinin mərkəzində dayanmışdı. Obrazlı şəkildə ifadə etsək, deyə bilərik ki, fəaliyyətin bütün sahələrində Qarabağ var idi. Ölkənin maliyyə dayanıqlılığını təmin edən güclü iqtisadiyyat, ordunun daim gücləndirilməsi və müasir döyüş silahları ilə təmin edilməsi, vətənpərvər və Azərbaycançılıq ideyası ilə yetişən gənc nəsil, peşəkar diplomatik əlaqələr və strateji tərəfdaşlıq müqavilələri, Azərbaycanın, xüsusilə işğal altında olan ərazilərdəki mədəni abidələrin dünyada təbliği, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi zaman Azərbaycan reallıqlarının təbliği və s. bütün bu sahələrdəki fəaliyyət addım-addım bizi işğal altında olan torpaqlara aparırdı. Biz torpaqlarımızın işğaldan azad olunmasını iki mərhələyə bölməliyik. Birinci mərhələ Vətən müharibəsinə qədər olan dövr, ikinci mərhələ isə Vətən müharibəsi dövrü. Hər iki dövrün ortaq cəhətini bir sözlə ifadə etsək, bu, peşəkarlıq olardı. Düşünürəm ki, gələcəkdə araşdırmaçılar hər iki dövrü təhlil edəcək, bu sahədə yaxşı elmi məqalələr, o cümlədən dərsliklər ərsəyə gələcək.

“Mən burada xüsusi bir məsələyə, Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinə və Vətən müharibəsi zamanı göstərdikləri şücaətə toxunmaq istərdim. Müharibəyə qədərki dövrdə düşmən mümkün olan bütün vasitələrlə Azərbaycan gənclərinin vətənpərvərlik duyğularına təsir göstərməyə və belə bir təəssürat yaratmağa çalışırdı ki, sanki Azərbaycanda yetişən gənc nəsil artıq Qarabağı unudub. Bunun üçün özlərinin maliyyə dəstəyi göstərdikləri bir sıra beynəlxalq təşkilatlarının xidmətlərindən də istifadə edirdilər. Lakin onların bütün bu təbliğatları puç oldu. Azərbaycançılıq ideyası ilə yetişən gənc nəsil Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında sıx birləşdi və torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərdi. Döyüşlərdə iştirak edən bu gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik olmuşdur. Qloballaşma dövründə milli kimliyi qorunması, buna uyğun gənc nəslin yetişdirilməsi kifayət qədər çətindir. Bu gün biz qürurla deyə bilərik ki, Prezident İlham Əliyev bunu bacardı. İndi isə Azərbaycan və bütövlükdə region üçün yeni mənzərə yaranıb. Mən əminəm ki, Azərbaycan gəncləri yaranmış bu yeni şəraitdə öz bilik, bacarıq və vətənpərvərliklərini ortaya qoyacaqlar”, – deyə Ş.İsmayılov qeyd edib.