Deputat: COVİD-19 ilə bağlı geniştərkibli fəaliyyət planı xalqın sağlamlığına hesablanıbbackend

Artıq uzun müddətdir ki, COVİD-19 dünyanı cənginə alıb. Pandemiyanın tuğyan etdiyi vaxtlarda hamı peyvənd tapılması ilə bağlı şad xəbəri səbrsizliklə gözləyirdi. Sevindirici haldır ki, dünya tibb elmi mümkün olan qısa vaxt ərzində bunun öhdəsindən gəldi. Ölkəmiz isə vaksini əldə edən ilk ölkələrdən oldu.

Bunu COVİD-19 ilə bağlı cari vəziyyət və görülən işlərlə bağlı danışarkən Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov bildirib ki, İnternetdə axtarış edib qlobal pandemiya və tibb tarixi ilə maraqlansaq vaksinasiyanın üstünlüklərini aydın şəkildə görəcəyik: “Çox sadə statistik göstəricilər bunu deməyə kifayət edir. Dünya əhalisinin artmasına baxmayaraq pandemiyadan həyatını itirənlərin sayı azalmaya doğru gedib. Əslində, məsafələrin sərhədsiz olması, sosiallaşma, ekoloji çirklənmə bu sayın daha çox artmasına gətirib çıxarmalı idi. Lakin dünya tibb elmi bunun qarşısını ala bilib. Bugünkü vaksinasiya da məhz insanların həyatını xilas etmək üçün tibb sahəsində görülən əhəmiyyətli tədbirlərdən biridir. Əsassız şübhələri kənara atmaq və koronavirusla mübarizənin ən sadə yolu olan vaksinasiya mərhələsində iştirak etmək lazımdır”

“Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində atdığı addımlar öz uğurlu bəhrəsini verib. Əldə edilən uğurları ölkə daxilindəki vəziyyət və beynəlxalq ictimaiyyətə verilən töhfələr olmaqla 2 istiqamət üzrə qeyd edə bilərik. 1-ci istiqamətə ölkəmizdə mövcud vəziyyətin düzgün idarəetmə prosesi ilə nəzarətdə saxlanılması, sosial baxımdan həssas olan vətəndaşların təminatının yaxşılaşdırılması, bütün dövlət qurumlarının səfərbər olması, özəl sektorun ölkə rəhbərliyinin çağırışına qoşularaq prosesdə yaxından iştirak etməsi, iqtisadiyyatın qorunmasına yönəlmiş tədbirlər, böhran vəziyyətində iqtisadiyyatın dirçəlməsi üçün ayrılan kreditlər və bir sıra digər nümünələr aiddir. 2-ci istiqamət üzrə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün, dekabr ayında isə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, Azərbaycan dövləti tərəfindən bir neçə dövlətə humanitar yardımların edilməsini qeyd edə bilərik.  Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb” – deyə, o əlavə edib.

Deputat əlavə edib ki, “Dövlət vətəndaşın yanındadır və onun sağlamlığı üçün lazım olan addımları atır. Qapanmalar, bu dövr ərzində vətəndaşların sosial təminatı üçün görülən işlər, vaksin əldə olunması ilə bağlı məsələlər və ümumilikdə geniştərkibli fəaliyyət planı məhz xalqın sağlamlığına hesablanıb. Dünyada ciddi vaksin çatışmazlığı olmasına baxmayaraq Azərbaycanda artıq 3 milyondan çox vaksin vurulub. Azərbaycan dövləti vaksinasiya ilə bağlı missiyanı cənab prezidentin iradəsi ilə uğurla reallaşdırır. İnsanlar isə bu prosesdə aktiv iştirak etməklə vətəndaşlıq mövqeyi sərgiləməlidir. Diqqətimi çəkən bir məqamı da qeyd edim ki, sosial media istifadəçilərinin peyvənd olunduqdan sonra bunu paylaşaraq insanları dəvət etməsi təqdirəlayiq haldır. Bir daha “Biz Birlikdə Güclüyük” deyərək bu mərhələni də uğurla keçməliyik. Biz qlobal pandemiyanın tuğyan etdiyi bir vaxtda həm də görünən düşmənimiz olan ermənilərə qalib gəldik. Görünməz düşmənlə mübarizəni də davam etdirməliyik. Burada vətəndaşların üzərinə də böyük məsuliyyət düşür: qaydalara əməl edilməsi, vaksinasiya və maarifləndirmə işində iştirak etmək”.