Deputat Əziz Ələkbərli Saatlı rayonunun Əliabad, Məmmədabad, Genişkənd və Qazanbatan kəndlərində seçicilərlə görüşdübackend

Sentyabrın 19-da Milli Məclisin deputatı Əziz Ələkbərli növbəti dəfə Saatlı rayonunda olmuş, rayon İcra Hakimiyyətinin yeni başçısı Elmir Bağırovla görüşərək rayonun problemlərini müzakirə etmiş, sonra seçicilərlə görüşmək üçün kəndlərə yollanmışdır.

“Yeni Gündəm”-in məlumatına görə, seçicilərlə bu dəfəki görüşünə Əliabad və Məmmədabad kəndlərindən başlayan deputat kənd rəhbərliyi, ziyalılar, ağsaqqallarla birgə kəndin sosial problemlərini müzakirə etmişdir.

Seçicilər içməli və suvarma suyu ilə bağlı vəziyyətin son dərəcə gərgin olduğunu bildirmiş, məsələdən çıxış yolunu göstərmiş və deputatdan kömək istəmişlər. Deputat Əziz Ələkbərli məsələnin müsbət həllinə dəstək olacağına söz vermişdir.

Seçicilər kənddə işıq və internet məsələsinin acınacaqlı vəziyyətini də deputatın nəzərinə çatdırmışlar. 1960-cı illərdən qalma işıq dirəklərinin çürüdüyünü, elektrik xətlərinin təhlükəli vəziyyətdə olduğunu, tez-tez elektrikin kəsildiyini, internetin olmaması səbəbindən kənddəki şagird və tələbələrin distans təhsildən kənarda qaldığını deputata bildirmişlər.

Rayonun Şirinbəyli kəndindən Məmmədabad və Əliabad kəndlərinə gələn yolun 1 km hissəsinin yararsız vəziyyətdə olduğunu da deputatın diqqətinə çatdırmışlar.

Daha sonra Məmmədabad kənd məktəbinin direktoru Nəzakət Yaqubova 2008-ci ildə kənddə üçmərtəbəli yeni məktəb binasının tikilib istifadəyə verildiyini, lakin məktəbdə hələ də odun yandırıldığını bildirmişdir. Görüşdən sonra məktəbə baş çəkən deputat Əziz Ələkbərli məktəbdə qazanxana və istilik sistemi mövcud olduğu halda, müvafiq qurumların məsuliyyətsizliyi üzündən bu sistemin işə salınmadığına və illərlə şagirdlərin və məktəb kollektivinin əziyyət çəkdiyinə təəssüfünü bildirmiş, rayonun yeni rəhbərliyinin dəstəyi ilə problemin qısa vaxtda öz həllini tapacağına müəllimləri əmin etmişdir.

Görüşdən sonra Məmmədabad kənd xəstəxanası deyilən qapısı qıfıllı uçuq-sökük binaya baxış keçirən deputat Əziz Ələkbərli bu məsələnin də müsbət həlli üçün əlindən gələni edəcəyinə söz vermişdir.

Bundan sonra deputat Əziz Ələkbərli rayonun Genişkənd kəndində olmuşdur. Deputat kəndin magistral yolu olan 3 km-lik acınacaqlı vəziyyətdəki Qara Nuru-Məmmədabad-Genişkənd yolunu tam bir saata qət etdikdən sonra seçicilərlə görüşmüşdür. Seçicilərin ilk xahişi vaxtilə dövlətin investisiya planına salınsa da, illərdən bəri asfaltlaşması təxirə salınan yolun düzəldilməsi ilə bağlı olmuşdur.

Məmmədabad və Əliabad kəndlərindəki enerji və internet (elektrik dirəklərinin çürüməsi və elektrik xətlərinin bərbad vəziyyətdə olması, kabelləşmənin aparılmaması, internetin yoxluğu) problemləri Genişkənddə də seçicilər tərəfindən qaldırılmış və deputatdan kömək istənilmişdir.

Seçicilər şəhid Əyyub Quliyev adına kənd orta məktəbinin həyətindəki Şəhidlər kompleksinin təmirə ehtiyacı olduğunu da deputatın nəzərinə çatdırmışlar. Deputat abidəni ziyarət etmiş və məsələnin müsbət həllinə kömək edəcəyinə çalışacağına söz vermişdir.

Deputatın seçicilərlə növbəti görüşü rayonun Qazanbatan kəndində olmuşdur. Seçicilərdən birinin “Saatlının 5 kilometrliyində Bakıdakı uşaqlarımla danışmaq üçün hər dəfə həyətdəki tut ağacına çıxmaq məcburiyyətində qalıram” deməsindən kənddə mobil şəbəkələrin nə vəziyyətdə olduğu məlum oldu.

Kənddə tibb məntəqəsi olsa da, bu məntəqədə həkimin və tibb bacısının yoxluğu da kəndin ciddi problemlərindən biri kimi deputatın nəzərinə çatdırıldı.

Qazanbatan kəndində seçicilərin deputatdan əsas xahişlərindən biri kənd məktəbi ilə bağlı oldu. Hər sinifdə 15-16 şagird olmaqla 150-yə qədər şagirdin təhsil aldığı natamam (9 illik) orta məktəbi bitirən şagirdlərin tam orta təhsilini başa vurmaq üçün 7-10 km məsafədəki Qara Nuru kəndinə getmək məcburiyyətində qaldığını, bunun isə faktiki mümkün olmadığını və bu səbəbdən kənddə uşaqların, xüsusilə qız uşaqlarının təhsildən yayınmaq məcburiyyətində qaldıqlarını deputatın nəzərinə çatdıran seçicilər ondan kənd məktəbinin 11 illik məktəbə çevrilməsi məsələsini qaldırmasını xahiş etdilər.

Kəndlərin hər birində seçicilər tərəfindən qaldırılan məsələlərin hamısı deputat Əziz Ələkbərli tərəfindən nəzarətə götürüldü və deputat bir müddətdən sonra həmin məsələlərin hər birinin həlli vəziyyəti ilə bağlı seçicilərlə görüşə gəlib hesabat verəcəyinə söz verdi.