Deputat: İKT-nin inkişafından danışarkən “Elektron hökumət” layihəsi xüsusi vurğulanmalıdırbackend

Ölkəmizdə İKT sektorunun inkişafı nələr vəd edir?

Azərbaycan hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastruktura və kommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Beynəlxalq miqyasda mürəkkəb proseslərin davam etməsinə baxmayaraq, Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayıb, əhalinin həyat səviyyəsi ilbəil yüksəlib. Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb. Şübhəsiz ki, Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaq. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Prezident İlham Əliyev 2013-cü ili ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdi. Azərbaycanın ilk telekommunikasiya peyki də 2013-cü il fevralın 8-də Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə buraxılmışdı. Bu nailiyyət Prezident İlham Əliyevin İKT sahəsində məqsədyönlü siyasətinin həyata keçirilməsi, eləcə də, ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə hədəflərin reallaşdırılması sayəsində əldə olunub.

Ölkəmizdə İKT sektorunun inkişafı perspektiv üçün nələr vəd edir?

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, qarşıda duran vəzifələrdən biri “elektron hökumət”in tam formalaşdırılmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələyə xüsusi əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb: “Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir. Ümumiyyətlə, son illərdə ölkəmizin iqtisadi siyasətində regional inkişafa xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, Fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi artıq özünün məntiqi nəticələrini verib, respublikamız iqtisadi sahədə böyük uğurlar əldə edib. Ölkəmizin ötən illər ərzində əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu baxımdan, Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Artıq istifadəçilərin sayı əhalinin təxminən 80 – 85 faiz səviyyəsindədir. İnternet istifadəçilərinin böyük hissəsi isə genişzolaqlı internetə qoşulub. Eyni zamanda, sosial şəbəkə istifadəçilərinin sayı da kifayət qədər çoxdur. Respublikamızın yaşayış məntəqələrində yüksək sürətli fiber-optik şəbəkə qurulur. Bu yöndə müvafiq layihələr reallaşdırılıb”.
Millət vəkili qeyd edib ki, İKT-nin inkişafından danışarkən “Elektron hökumət” layihəsi xüsusi vurğulanmaldır: “”Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsidir. Yəni hər bir vətəndaş hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya bilər. “E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə bir nöqtədən giriş imkanını təmin edir. “Elektron hökumət” portalı hazırda vətəndaşların tələblərinə yüksək səviyyədə cavab verir. Əhalinin müəyyən hissəsi elektron xidmətlərdən zəif istifadə etsə də, düşünürəm ki, bunu cəmiyyətdə ancaq maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da “Elektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müasir inkişaf bütün sahələrdə daha çox informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə faydalanmaqla mümkün olur. Bu, artıq özünü doğruldan təcrübədir. İnformasiya texnologiyaları şəbəkəsinin bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər strateji sahə kimi hesab edilməsinin əyani sübutudur. Bir məqamı da deyim ki, Avropa ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən elektron xidmət növlərinin də mütləq əksəriyyəti Azərbaycanda da tətbiq edilməkdədir. Əhalinin əksər hissəsinin internetə çıxış imkanları var. İnsanların sərbəst şəkildə informasiya əldə etməsi, azad informasiya cəmiyyətinin bərqərar olması dövlət siyasətidir. Ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir. Daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu da elektron formada həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının müşahidə olunan yüksək inkişaf tempi respublikamızın bu sahədə də öndə getdiyini təsdiqləyir”.