Deputat: Onlar güclü Azərbaycan dövlətinin vətəndaşları kimi yaşaya bilərlərbackend

Cənab Prezident İlham Əliyevin CNN Türk telekanalına verdiyi müsahibə zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə öz prinsipiallığını qoruyacaq, yenə də  öz gücünə arxayın olacaq və bölgə üçün yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə – əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək verəcək. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, isitismar, soyqırım törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi ilə bağlı açıqlamasında deyib.

Düşünürəm ki, Prezident İlham Əliyev bundan sonrakı dövr üçün mövqeyini açıq-aydın ortaya qoydu və hər kəsi bu fikirlərdən nəticə çıxarmağa çağırdı: “Burada bir neçə istiqaməti xüsusi vurğulamaq istərdim. Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, Azərbaycan öz gücünə qısa müddətdə müharibədən qalib çıxdı və tarixi ədaləti bərpa etdi. İndi isə ölkəmizin mövqeyi imzalanmış üçtərəfli  sənədin sona qədər icrası, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yekun sülh sazişinin bağlanmasından ibarətdir. Bununla da Azərbaycan imzaladığı sənəddə öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə sadiqlik göstərməklə digər tərəfləri də buna çağırdı. Əslində hər kəsə də məlumdur ki, Azərbaycan burada qeyri-adi nəsə istəmir, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərin Ermənistan tərəfindən də tanınmasını tələb edir. Prezident İlham Əliyev eyni zamanda Rusiya sülhməramlılarının məsuliyyət dairəsində olan Azərbaycan ərazilərində də bizim tərəfimizdən tam izlənmənin həyata keçirilməsini vurğulamaqla orada cərəyan edən bütün hadisələr barəsində məlumatlı olduğumuzu bildirdi. Bu məqamlara toxunmaqla ölkə başçısı bir daha və açıq şəkildə Ermənistana mesaj verdi – biz sülh tərəfdarıyıq, amma hər hansı yeni aqressiya qarşı tərəf üçün fəlakətlə nəticələnəcək. Bundan başqa regionda açılacaq yeni nəqliyyat koridorlarının, xüsusilə də Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə də prinsipial mövqedə olduğunu göstərdi. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən də iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistan üçün  yeganə çıxış yoludur. Prezident İlham Əliyevin eyni zamanda Azərbaycanın tolerant, çoxkonfesiyalı bir dövlət olmasını, xalqların bir yerdə əsrlər boyu mehriban yaşadıqlarını xatırlaması və Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycan ərazilərində olan ermənilərə çağırış etməsi bu millətin nümayəndələri üçün də bir şansdır. Onlar güclü Azərbaycan dövlətinin vətəndaşları kimi yaşaya bilərlər”