Deputat: “Prezidentin son çıxışında gənclərlə bağlı verdiyi tapşırıq görülən əməli işlərin davamıdır”backend

Cənab Prezident fevralın 18-də yeni təyin olunan üç icra başçısını videoformatda qəbul edərkən vurğuladı ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Həmçinin, ölkə başçısı həmin gənclərin peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlərin görülməsi, gələcək fəaliyyətə hazırlanması ilə bağlı tapşırıq verdi.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov Demokrat.az-a açıqlamasında tək dövlət deyil, eyni zamanda özəl sektor da ölkə başçısının sözlərini tövsiyə kimi qəbul edərək, bu istiqamətdə faydalı iş görəcəyinə əminliyini ifadə edib. Deputat diqqətə çatdırıb ki, Azərbaycan gənci bu gün dünyanın bir sıra ali orqanlarında kifayət qədər uğurla ölkəsini təmsil edir:

“Müasir Azərbaycan gənci ölkə daxilində və dünyada baş verən prosesləri izləməklə yanaşı, onları analiz edir, düzgün nəticələr çıxarır, hətta qlobal problemlərin həlli istiqamətində fikir və mülahizələr yürüdür. Bu təmsilçiliyi ictimai-siyasi, təhsil, idman, səhiyyə və sair sahələrdə görmək mümkündür. İstənilən sahədə Azərbaycan gənci öz dövlətinin bayrağını şərəflə dalğalandırmaq gücündədir. Dünyanın ən müxtəlif elmi-mədəni mərkəzlərinə fikir versək, mütləq orada bir Azərbaycan gəncini – vətəndaşını görə bilərik. Azərbaycan gəncinin siması artıq çoxsaylı xarici dil bilən, intellektual, informasiya və kommunikasiya texnologiyaları sahəsindəki yenilikləri dərindən mənimsəyən, analitik düşüncəli, azərbaycanlı olduğunu heç zaman unutmayan bir şəxs kimi xatırlanır. Təbii ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsaslarıdır. Cənab Prezident çıxışında bu məqamlara toxundu və gənclərin problemlərinin həllinə yönəlmiş ciddi tapşırıqlar verdi”.

Deputat qeyd edib ki, yaxın keçmişə nəzər saldıqda gənclərlə bağlı çox saylı işlərin görüldüyünü görmək mümkündür: “Ölkə başçısının rəhbərliyi altında icra olunan işlərin nəticəsində Azərbaycan gəncləri öz işlərinin peşəkarlarına çevriliblər. Elm, mədəniyyət, idman və bir sıra sahələrdə özünü doğruldan gənclərimiz Vətən müharibəsində də onlara olan inamı doğrultdu, böyük şücaət göstərdi və əsl vətənpərvərlik nümayiş etdirdi. Prezidentin son çıxışında gənclərlə bağlı verdiyi tapşırıq görülən əməli işlərin davamıdır. Onun tapşırığı ilə gənclərlə bağlı görülən çoxsaylı işlərin arasında sosial problemlərin həlli də xüsusi yer tutur”.