Deputat: Siyasi tarixin tozlu arxivinə gömülməyə məhkum olan bu insanlar hələ də dərk edə bilmirlər ki, onların Azərbaycan siyasətində nə yeri, nə də bir çəkiləri qalıbbackend

Müstəqil Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ 30 ilə yaxın davam edən işğala ölkəmizin öz gücü hesabına, şanlı Azərbaycan ordusu və müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son qoyması və ərazi bütövlüyümüzün bərpası, işğaldan azad olunmuş ərazilərimizin sürətlə yenidən qurulması, dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı uğurlu mübarizə və əhali üçün vaksin təminatının həyata keçirilməsi, iqtisadiyatımızın şaxələndirilməsi və pandemiyanın zərərlərinin minimuma endirilməsi, dövlət institutlarında ciddi və sistemli islahatlar aparılması, iqtidar-müxalifət münasibətlərinin yeni mərhələyə daxil olması və s. ilə müşahidə olunur. Eyni zamanda Azərbaycan qlobal proseslərə dəstək olmaqla uğurlu xarici siyasət həyata keçirir.

İctimai.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının rəsmi saytı olan “yap.org.az”a YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

“Təbii ki, Azərbaycan əhalisi bütün bu prosesləri yaxından izləyir, nəticə çıxarır və cənab Prezident İlham Əliyevə birmənalı dəstək göstərir. Yuxarıda sadaladığımız bütün bu uğurlar hər bir Azərbaycan vətəndaşını sevindirir. Çünki, Azərbaycan hər bir ölkə vətəndaşı üçün qürur mənbəyi, iftixar yeridir. Azərbaycanın daha da güclənməsi isə Azərbaycanı sevən, qəlbi hər an onun üçün döyünən insanlar üçün ən böyük dəyərdir.

Əfsuslar olsun ki, bütün bu uğurları görmək istəməyən, ona qara salmağa çalışan, Şəhidlərimizin ruhuna, qazilərimizin ağrı-acılarına hörmət etməyən bir qrup insan yenə öz cılız mahiyyətlərindən əl çəkə bilmir. Siyasi tarixin tozlu arxivinə gömülməyə məhkum olan bu insanlar hələ də dərk edə bilmirlər ki, onların Azərbaycan siyasətində nə yeri, nə də bir çəkiləri qalıb. Sadə bir sual yaranır. Necə olur ki, demək olar ki, eyni mövzulu suallarla cəmi 44 gün ərzində məhv olan ermənilər də, Azərbaycanı tənqid etməyə, qara yaxmağa çalışır, bu qrupdan olan, özlərini müxalifət adlandıran bir qrup özümüzünkülər də. Demək, ya sifarişçi eynidir, ya da bunlar hakimiyyətə gəlmək üçün hətta ermənilərlə də əməkdaşlığa hazır olan xainlərdir. Bu qrupa daxil olanlardan biri də Əli Əliyevdir. Düşünürəm ki, onun üçün ən yaxşı ad “yarımçıq” olar. Yarımçıq siyasətçi, yarımçıq partiya sədri, yarımçıq həkim və s. Bu yarımçıqlıqları kifayət qədər uzatmaq olar. Həyatda və siyasətdə heç bir ciddi uğura nail olmayan, hər mövzuda ekspert olmağa çalışan Əli Əliyev dərk etməlidir ki, həyatda, o cümələdən, peşəkar iş həyatında yarımçıqlar yox, peşəkarlar qalib gəlir. Şər və böhtan atmağın, qarayaxma kampaniyası aparmağın dövrü çoxdan gedib, sizin qatarınızın getdiyi kimi.

Azərbaycan bu gün dünya səviyyəsində tanınan, hörmət edilən rəhbər tərfindən idarə olunur. Müdrik Azərbaycan xalqı həm ölkə daxilində, həm də qlobal müstəvidə baş verən prosesləri görür, izləyir və nəticə çıxarır. Xalqımız öz rəhbərinin yanındadır və bu birlik hər keçən gün daha da güclənir. Sizi isə, Əli Əliyev, dahi Nizaminin ibrətamiz sözlərindən nəticə çıxarmağa çağırıram – Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.