Deputat: “Şuşadan dünyaya həmrəylik mesajının verilməsi həm də ədalətin bərpasını simvolizə edir”backend

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük bir tarixi hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib. Deputat bildirib ki, bu hadisə özündə milli kimliyimizi, qələbəmizi, xalqımızın məğrurluğunu əks etdirir:

“2001-ci ildən keçirilən Dünya Azərbaycanlılarının Qurultayı hər zaman bizim üçün xüsusi bir hadisə olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Azərbaycandakı soydaşları ilə birlikdə vahid həmrəylik göstərmişdilər. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Hər bir azərbaycanlının arzusu olub ki, dünya azərbaycanlıları Şuşada toplaşsın. İndi qurultayın qələbəmizin rəmzi olan yerdə keçirilməsi təkcə qurultay iştirakçılarının iştirakını ifadə etmir. Bu, həm də o deməkdir ki, dünya azərbaycanlılarının ürəyi Şuşada döyünür. Zəfərimiz ilə nəticələnən Vətən müharibəsindən sonra ilk dəfə keçirilən qurultay təkcə azərbaycanlıların deyil, bütün dünyanın, o cümlədən, beynəlxalq təşkilatların, dünya mediasının, analitik mərkəzlərin supergüc sayılan dövlətlərin diqqət mərkəzindədir”.

Millət vəkilinin sözlərinə görə, qalib xalqın qurultayı qələbənin rəmzi olan Şuşada keçirilməsi Azərbaycanın gücünün göstəricisidir:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının haqqı bərqərar olunub. Şuşadan dünyaya həmrəylik mesajının verilməsi həm də ədalətin bərpasını simvolizə edir. Ulu Öndər çıxışlarının birində deyirdi ki, Şuşa Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, bizim milli rəmzidir. Bu sözlər ümumilli liderimizin Azərbaycan xalqına qələbə vədi verməsini və xalqımızın inamını ifadə edirdi. Zaman göstərdi ki, onun layiqli davamçısı bu vədi reallaşdırdı. Prezident İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad edilməsi insanlarımıza qalib xalq statusunun hədiyyə edilməsi deməkdir. Burada dövlət-xalq birliyi və vətən sevgisi ən əsas amillərdir. Məhz bunların nəticəsində bu gün bütün dünyaya işğaldan azad edilən torpaqlarımızdan, qələbəmizin rəmzi olan Şuşadan həmrəyliyimizi bəyan edirik. Dünya ölkəmizin iştirakı ilə yaranan yeni reallıqları açıq-aşkar görür və qəbul edir.Bildiyimiz kimi Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Bizim üçün mənəvi dəyəri olan və böyük əhəmiyyət daşıyan Qurultayın işinə uğurlar arzulayıram”.