Deputat: Xankəndidə, dolayısı ilə bütün ölkədə əsl bayram abu-havası yaşandıbackend

Dünyada nadir hallarda elə bir idman növü üzrə yarış olur ki, bütün ölkə ona pərəstiş etsin. Bu nöqtəyi nəzərdən dekabrın 21-də Xankəndidə keçirilən futbol matçı bir ilkdir.

Bu sözləri dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyuna münasibət bildirərkən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə keçirilən ilk futbol matçı kimi tarixə düşən oyun bütün Azərbaycan xalqının fəxrlə izlədiyi tarixi bir hadisədir; Milli kimliyimizi ifadə edən Qarabağ komandası, Qarabağı bizə qaytaran şanlı ordumuzu təmsil edən MOİK, müharibə iştirakçısı olan hakimlər və bizə hər gün yeni qələbələr qazandıran Müzəffər Ali Baş Komandan, Qarabağ Fatehi İlham Əliyevi bir meydanda görmək vətənpərvər Azərbaycan xalqı üçün mənəvi önəm daşıyır. Xankəndidə, dolayısı ilə bütün ölkədə əsl bayram abu-havası yaşandı.

Ş.İsmayılov əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndi stadionunda baş tutan mötəbər yarışda iştirakı və çıxışı bir çox nüanslarla yadda qaldı: İlk öncə onu qeyd etməliyik ki, Prezident və Birinci xanımın Şəhid övladları ilə səmimi münasibəti və onlara göstərilən diqqət ölkə gündəmini zəbt edən ən önəmli nüanslardandır. İlk topun cənab Prezident tərəfindən vurulması isə öz növbəsində rəmzi məna daşıyır. “Xankəndiyə xoş gəlmişsiniz” ifadəsi ilə çıxışına başlayan möhtərəm Prezident buradan Xankəndi ilə bağlı tarixi həqiqətlərdən, şanlı qələbəmizdən, azad edilən torpaqlarda aparılan quruculuq-abadlıq işlərindən danışaraq bir çox məsələlərə toxundu. Qarabağ-Ordu-Xalq birliyinin zəfərimizin əsas mənbəyi olduğunu vurğulayan Ali Baş Komandan Azərbaycan xalqının Qarabağ sevgisi, orduya güvənini ifadə etdi. Cənab Prezident eyni zamanda Ağdamda İmarət stadionunun bərpa ediləcəyi ilə bağlı məlumat verdi.