Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək “Dərnəgül” stansiyası gələn ilin I rübündə hazır olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Məlumatda deyilir ki, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda dairəvi dəmir yolu marşrutu üzrə Bakı-Xırdalan-Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
ADY Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür, o cümlədən yeni dayanacaqların istismara verilməsi imkanlarını nəzərdən keçirir. Sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək üçün “Dərnəgül” stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Tikinti işlərinin 53%-i yekunlaşıb. Hazırda iki ədəd turniket binası, bir ədəd piyada üst keçidi, dörd ədəd platformanın inşası aparılır. Stansiya ərazisindəki binalarda bünövrənin dəmir-beton işləri yekunlaşıb. Tikinti işləri 2026-cı ilin ilk rübündə başa çatdırılacaq.














