1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvi İranda islahat proqramını açıqlayan bir bəyanatla çıxış etdi. Bəyanat onun sosial media səhifəsində dərc edilib.
Onun sözlərinə görə, İranın nüvə proqramı, eləcə də “terrorçu qrupların” maliyyələşdirilməsi dayandırılacaq. Tehran terrorizm, mütəşəkkil cinayətkarlıq və radikal İslam hərəkatlarına qarşı mübarizədə tərəfdaşları ilə əməkdaşlıq edəcək.
O, həmçinin ABŞ ilə diplomatik münasibətləri bərpa edəcəyinə və İsraili tanıyacağına söz verib. Pəhləvi bildirib ki, bu, “qarşılıqlı tanınma, suverenlik və milli maraqlara” əsaslanan yeni bir fəsildir.
Bundan əlavə, Tehran öz resurslarını “azad dünyaya” tədarük edəcək və beynəlxalq idarəetmə standartlarını qəbul edəcək.
“Bu, mücərrəd bir vizyon deyil. Bu, praktik bir vizyondur. Milli maraqlara, sabitliyə və əməkdaşlığa əsaslanır. Buna nail olmaq üçün indi İran xalqını dəstəkləməyin vaxtıdır”, – Pəhləvi bildirib.















