Dil xalqın milli varlığını müəyyən edən sərvətdirbackend

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Bu, danılmaz faktordur. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Məhz buna görə də, xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi və doğma dilimizin nüfuzunu qaldırmaq, ona işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək istiqamətində hakimiyyətə gəldiyi ilk günlərdən məqsədyönlü şəkildə fədakarlıqla çalışmağa başladı. Belə ki, ilk dəfə 1970-ci ildə Heydər Əliyevin o zamankı Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçirilmiş geniş partiya konfransında doğma ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb oldu. Çünki əvvəlki respublika rəhbərləri adətən rus dilində məruzə etsələr də Heydər Əliyev yalnız doğma ana dilində çıxış etməyə üstünlük verirdi. Hətta ulu öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilində, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir” .
Bu gun Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası isə ən cətin bir vaxtda-“vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ edildiyi, milli dillərin sıxışdırıldığı bir vaxtda qoyuldu. Halbuki belə çətin bir vaxtda ana dili məsələsi ilə məşğul olmaq olduqca qorxulu idi. Ona görə qorxulu idi ki, dil məsələsini qabardanlar, bu barədə fikir söyləyənlər Sibirə sürgün edilirdi. Bu cür təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə ifadə edə bildi. Hətta ulu öndərin bu cəsarətli addımı nəticəsində 1978-ci il konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi qəbul edildi.
1978-ci il aprelin ikisində IX çağırış Azərbaycan SSR ALİ Sovetinin Azərbaycan Sovet Sosialist respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”.
1978-ci ildə qəbul edilmiş Konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, heç kəs sizə mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsininz. Ancaq siz nə üçün bizə mane olursunuz…Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində böyük hadisə oldu”.
Heydər Əliyev bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.
Müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.
2003-cü il yanvarın 2-də isə ulu öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu öndər Heydər Əliyev dövlət dilimiz olan ana dilimizə böyük üstünlük verərək, həm də tövsiyə edirdi ki, hər bir azərbaycanlı başqa dilləri də mükəmməl öyrənsin, onlardan yeri gəldikcə istifadə etsin. Lakin heç kəs öz doğma Azərbaycan dilinə diqqət, hörmət və məhəbbəti azaltmamalıdır.
“Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, C. Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək, onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır”.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
Beləliklə, günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Və ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin – Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktorlardan biri kimi çıxış etməsini şərtləndirib. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri