DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab – VİDEObackend

Daxili İşlər Nazirliyi Xızıda yol kənarında qoyulan şəhid plakatlarının sökülməsi ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə aydınlıq gətirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, sözügedən videoda iddia edilən məsələ həqiqəti əks etdirmir:

“Xızıda şəhid plakatlarının söküldüyünə dair yayılan məlumatlar doğru deyil. Şəhidin plakatı avtomobil yolunun yaxınlığında qoyulduğu üçün nəqliyyatın hərəkətinə mane yaratmaması üçün mövcud yerindən bir qədər geri çəkilib. Heç bir söküntüdən söhbət gedə bilməz. Ərazidə ictimai asayişin pozulmaması üçün hadisə yerinə polis əməkdaşları da cəlb olunub”.

Məsələni aydınlaşdırmaq üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov iddiaların əsassız olduğunu bildirib:

“Sosial şəbəkədə yayılan videolarla tanışıq. Hadisə heç də təsvir edildiyi kimi olmayıb. Heç kim şəhidlərin plakatlarını sökmür. Sadəcə olaraq şəhid Verdiyev Natiq Əlmurad oğlunun fotosunun vurulduğu plakat yola yaxın olduğu üçün yerləşdiyi yerdən təxminən 40 santimetr kənara çəkilib. Ailəsinin də məlumatı var, heç bir narazılıq yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.