Dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaqbackend

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya müqavilə əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay azaldılacaq.

İctimai.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.

Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.