Direktor müəllimlərin oturduğu sinfə “donuzxana” dedibackend

Bakıda yerləşən 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ilə bağlı səsyazısı və şikayətlər ortaya çıxıb. İngilis dili müəlliməsi Leyla Hüseynovanın sözlərinə görə, direktor müəllimləri əsassız ittihamlarla üz-üzə qoyub. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən direktorun uyğunsuz davranışı və səsyazısı ilə bağlı araşdırma aparılacaq.

Məlumatda qeyd olunur ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur:

“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.