“Doğma mahnılar” uşaq kitabının təqdimatı keçirildibackend

2 dekabr tarixində “Doğma mahnılar” adlı uşaq mahnılarından ibarət kitabın təqdimatı baş tutdu.

Libraff Park Akademiyada keçirilən tədbirdə həm böyüklər, həm də balacalar iştirak etdi.

“Doğma mahnılar” kitabında yer alan mahnılar çoxumuzun balacalıqdan eşitdiyi, nənələrimizin, analarımızın zümzümə etdiyi uşaq mahnılarından, onların notları və sözlərindən ibarətdir.
Kitabın ideya müəllifi və layihə rəhbəri teleaparıcı və jurnalist Aysel Zahidqızı “Doğma mahnılar” kitabında yer alan bütün musiqinin hamıya doğma gələcəyinə, böyükdən tutmuş balacalara kimi hər kəsin ürəyini fəth edəcəyinə inandığını bildirib: “Əminəm ki, bu kitabda hər bir uşaq özünə yaxın və doğma olacaq həm mahnını, həm də illustrasiyaları tapacaq. Çünki kitabda yer alan mahnılar bizim uşaqlığımızın xatirəsidir.”

Tədbirdə Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli, Teymur Elçinin nəvələri Turan və Sunay Məmmədəliyevalar, Oqtay Zülfüqarovun nəvələri Əminə Zülfüqarova və Leyla Zülfüqarova, xalq artisti, bəstəkar Elnarə Dadaşova, yazıçı Zahid Xəlil çıxış edərək “Doğma mahnılar” kitabının yaranmasının uşaq musiqisinin inkişafına təkan verəcəyinə inandıqlarını qeyd etdilər.

Təqdimatda iştirak edən uşaqlar kitabda yer alan müxtəlif mahnıları səsləndirərək, həmçinin skirpkada da ifa etdilər. Daha sonra uşaqlarla sual-cavab oyunu keçirilərək onlara kitabın bir neçə qəhrəmanının oyuncaqları hədiyyə edildi.

Kitabda yer alan mahnılar musiqiçi Rəcəb Zeynalov tərəfindən fortepiano üzərində yenidən nota alınıb. Hər bir mahnı üçün rəngarəng və fərqli olduğu qədər, bir-birini tamamlayan illustrasiyalar Səbinə Vəzirova tərəfindən çəkilib. Həmçinin kitabın sonunda uşaqların diqqətini, yaddaşını yoxlamaq üçün suallar da yer alıb. Bundan əlavə “Doğma mahnılar” kitabında youtube səhifəsi qeyd olunub və valideynlər kitabda olan mahnılara həm də qulaq asaraq öyrədə bilərlər.

Bütün ailə üçün nəzərdə tutulan “Doğma mahnılar” kitabı TEAS Press Nəşriyyat Evi tərəfindən Türkiyədə nəşr olunub və kitab mağazalarından əldə etmək mümkündür.