Doqquz aydır itkin düşən 11 yaşlı uşağın yaxınları etiraz aksiyası keçirirlərbackend

İmişlidə 9 aydır itkin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

APA xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.

Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmurlar. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxslər istintaqa cəlb edilsinlər”.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Sonradan cinayət işi İmişli Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.