Gənclərlə ilk görüş 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Dövlət gənclər siyasətinin dinamik inkişafı” mövzusunda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ilə keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü və onun əhəmiyyəti haqqında danışıb. Qeyd olunub ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir. O qeyd edib ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını özündə ehtiva edir: “Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir”.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. Bu baxımdan, əldə olunan tarixi Qələbələrdə gənclərin rolu həlledici oldu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslə qayğısının nəticəsi idi.
Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.
Sonra ali təhsil müəssisələrinə yüksək balla qəbul olan (prezident təqaüdçüləri), beynəlxlaq olimpiadalarda qalib olan gənclərə hədiyyələr, YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəallara sertifikatlar təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.