Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
İctimai.az xəbər verir ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 127 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.












