Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda qəhrəmanlıq göstərmiş, canlarını fəda etmiş əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Dövlətimiz, xalqımız parlaq zəfərlərimizi bizə yaşadan qəhrəmanlarımızın əziz xatirəsini daim uca tutur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Komitə sədri qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsasında illərlə görülmüş məqsədyönlü işlər, siyasi və hərbi hazırlıq dayanır. Dövlətimizin başçısının dəmir iradəsi, strateji qərarları Qələbəmizi şərtləndirən əsas amillərdir.
Otuz il ərzində Azərbaycanın tam müstəqil siyasət yürüdərək, parlaq gələcəyini müəyyənləşdirdiyini söyləyən Şahin İsmayılov deyib: “Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dayanıqlı inkişaf konsepsiyasının uğurlu icrası, güclü dövlət quruculuğu istiqamətində aparılan müdrik və müəyyən hədəflərə hesablanmış praqmatik siyasət xalqımızı addım-addım tarixi zəfərlərə yaxınlaşdırdı. Ölkəmizin iqtisadi dayaqları, beynəlxalq mövqeləri möhkəmləndirildi, ordu quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirildi”.
Komitə sədri bildirib ki, Azərbaycan müdafiə təhlükəsizliyinin gücləndirilməsinə hər il əvvəlkilərdən daha böyük məbləğlərdə vəsait ayırırdı. Qısa zamanda güclü iqtisadi tərəqqi əldə etmiş Azərbaycanın müdafiə xərcləri əksər hallarda Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çox olurdu. Peşəkar hərbçilərimiz formalaşdırıldı, hərbi sənaye kompleksi sürətlə inkişaf etdirildi, hərbi arsenalımız müasir texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar ilə zənginləşdirildi.
Dövlətimizin vətənpərvər, fiziki hazırlıqlı gənc nəslin formalaşdırılması istiqamətinə xüsusi diqqət ayırdığını bildirən Şahin İsmayılov deyib: “2020-ci il 27 sentyabr tarixində düşmənin təxribatlarına cavab olaraq, xalqımız müdrik Liderinin əmri ilə ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı. Güclü dövlətinə arxalanan on minlərlə insan könüllü olaraq ordu sıralarına yazıldı, qüdrətli ordusuna inanan vətəndaşlar təxribatlar zamanı öz evlərinin tərk etmədilər. Bu birlik və həmrəylik Azərbaycanın şanlı Qələbəsini şərtləndirdi. Bu gün ölkəmizin bütün ərazilərində üçrəngli bayrağımız qürurla dalğalanır. Döyüş meydanında düşməni diz çökdürən Azərbaycan əsgərinin qəhrəmanlığı, arxa cəbhədə ordusuna güc və dayaq olan xalqın birliyi Zəfərimizin rəmzinə çevrildi”.
Şəhid ailələrinə, qazilərə xüsusi diqqətin ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən olduğunu söyləyən Şahin İsmayılov bildirib ki, şəhid ailələrinin, qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması, sosial məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır, bu sahədə müxtəlif sosial layihələr icra olunur.
“Azərbaycan əsgəri böyük qəhrəmanlıq və şücaət göstərərək Vətən uğrunda şərəflə vuruşdu, öz igidliyi ilə tariximizin şanlı səhifələrini yazdı. Onların qanı ilə yazılan bu səhifələr əsrlər boyu xalqımızın yaddaşında qalacaq, gələcək nəsillərə yol göstərəcək”, – deyə Şahin İsmayılov vurğulayıb.