Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi düşəcək ŞƏRHbackend

Azərbaycan həmişə böyük tədbirlərə ev sahibliyi edib və bu gün isə böyük qürurla ölkəmizə gələn qonaqları əldə edilən uğurlarla tanış edirik. 30 il əsarətdə olan torpaqlarımızın Qalib Sərkərdəmiz, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətini həyata keçirən Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin igidliyi sayəsində 44 gün ərzində azad edilməsindən qürurla danışırıq. Və bu gün qalib ölkənin qalib vətəndaşı kimi başını dik tutaraq “Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır!” deyərək tarixi “Şuşa ili”ndə sabah Dünya Azərbaycanlılarının V qurultayının Qarabağın tacı olan Şuşada keçirilməsi hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq.

Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev dünyada yaşayan azərbaycanlıları həmişə həmrəy olmağa və azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırış edirdi. O, bütün xarici səfərlərdə ölkədə yaşayan bir qrup azərbaycanlı ilə görüşür, məsləhət və tövsiyələrini çatdırırdı.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O gündən başlayaraq dünyada yaşayan azərbaycanlılar hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Dünya Azərbaycanlılarının ilk qurultayı ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Sərəncamına əsasən həmin il noyabrın 9-10-da Bakıda keçirilib. Ulu öndər Heydər Əliyev proqram xarakterli nitqində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarını səsləndirib.

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, Ulu Öndərimizin diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində mümkün olub. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər. 2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.

Ötən 18 ildə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Məhz İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyev 2020-ci il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bununla bağlı deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Beləliklə, Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Təsadüfi deyil ki, cənab Prezident dəmir yumruğun gücünü və xalqın birliyini belə xarakterizə edib: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Həmişə belə olub və bu birlik əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

Və bu gün Qarabağın tacı Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Bu tarixi reallıq isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir. İnanırıq ki, Zəfər Qurultayından sonra da xaricdə yaşayan soydaşlarımız «Dəmir yumruq» kimi daha güclü milli həmrəylik və birlik nümayiş etdirəcəklər.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri