Dünya birjalarında buğda, pambıqla yanaşı yer tutan strateji bitkibackend

Dənli-paxlalı bitkilər içərisində soya əkin sahəsinə görə dünyada birinci yeri tutur . Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır.

Vətəni Çin olan bu bitki düyü, buğda kimi müqəddəs yem bitkilərindən sayılırdı. Bu gün dünyanın 50-dən çox ölkəsi soyanı hətta vətəni Çindən daha çox becərir. Çünki strateji məhsul kimi, dünya birjalarında buğda, pambıqla yanaşı yer tutur. Soyanın birja qiymətləri mal, qoyun, quş ətinin ve süd mehsullarinin qiymətinə birbaşa təsir edən amillərdən hesab olunur. Dünyanın ən böyük soya ixracatçıları ABŞ, Braziliya, Argentinadır. Misal üçün, bu il dünya üzrə hasil edilən 310 mln ton soyanın 110 mln tonu ABŞ-ın payına düşüb. Dünya üzrə mövcud soya sahələrinin 1,5%-i Rusiyaya aiddir və hər il soya becərmək istəyən fermerlərin sayı həndəsi silsilə ilə artır.

Ekspertlər bildirirlər ki, soyanın ixracından da gəlir əldə edə bilərik. Yağına və yeminə böyük təlabat olduğundan soyaya bazar tapmaqda çətinlik yoxdur. Bir sıra qonşu ölkələr soya yemi və yağının idxalına yüz milyonlarla dollar vəsait xərcləyirlər.  Məsələn, qonşu ölkələrdən Türkiyədə soya az əkilir, ölkə hər il soya idxalına yarım milyard dollar sərf edir. Türkiyədə yanacaq və mazutun baha olması və soyaya verilən kənd təsərrüfatı dəstəyinin az olması səbəbindən soya əkin sahələri artmır. Azərbaycan isə neft məhsulları istehsalçısı olduğundan bir sıra qonşularından üstünlüyə malikdir. Hazırda da dünyada soyanın qiymətləri artmaqdadır.

Soya özü qiymətli olduğu kimi, torpaq üçün də faydalıdır. Dənli bitkilər, qarğıdalı ilə növbəli əkilə bilən soya torpağı azotla zənginləşdirir. Torpaqda atmosferin təbii azot dövriyyəsini təmin etdiyinə görə, xüsusilə azot gübrələrinə yüksək tələbatı yoxdur. Qarğıdalı və pambıq qədər suya tələbkar deyil.

Soya bitkisinin tərkibi zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% karbohidrat vardır (hətta zülal 52%-ə də çatır). Soyadan əsasən 2 məhsul: tam qiymətli zülal və bitki yağı alınır. Dünyada istehsal olunan bitki yağının 40%-i soyadan hazırlanır və soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur. Dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv, biodizel və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə və lak boyaq sənayesində də istifadə olunur. Soya unu və jımığı heyvanlar üçün çox dəyərli yemdir. Jımıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar.  Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir belə ki, köklərində olan bakteriyalar atmosferdə olan sərbəst azotu toplayaraq toprağı zənginləşdirir.

Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə 3000-3500 hektar ərazidə soya bitkisinin əkini həyata keçirilmiş və 10000 tona qədər məhsul əldə edilmişdir ki, bu da ölkə təlabatının 5 – 10%-ni təşkil edir.