Dünya dəyişir, Bakı mərkəzə çevrilir, güc dövrünün səssiz qalibibackend

“Bu gün dünyaya diqqət yetirdikdə aydın görünür ki, beynəlxalq sistem dərin və çoxşaxəli böhran mərhələsindən keçir. Uzun illər sivil dünyanın əsas dayaqları hesab edilən beynəlxalq hüquq, ədalət, qarşılıqlı etimad və bərabər prinsiplər faktiki olaraq dəyərsizləşib. Qlobal münasibətlər sistemi getdikcə daha çox “güc qanunları” üzərində formalaşır. Artıq hüquq deyil, güc; norma deyil, imkan; dialoq deyil, təzyiq əsas müəyyənedici faktora çevrilib”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, müasir dünyada güc faktoru ön plana çıxır və bu tendensiya qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır: “Regional münaqişələrin dərinləşməsi, yeni geosiyasi qarşıdurma xətləri və beynəlxalq institutların zəifləməsi bu reallığın bariz göstəriciləridir. Lakin bu mürəkkəb proseslərin fonunda Azərbaycan fərqli bir yol seçərək qlobal böhranları milli maraqlar baxımından fürsətə çevirməyi bacaran nadir dövlətlərdən biri kimi çıxış edir.

Məhz cənab Prezident İlham Əliyevin yürütdüyü çevik çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan dünyada baş verən geosiyasi transformasiyalara adekvat cavab verərək beynəlxalq aləmə yeni və dayanıqlı inkişaf modelini təqdim edir. Bu siyasət Azərbaycanın “güclülər dünyasında” özünəlayiq yer tutmasını təmin edib və ölkəmizi etibarlı tərəfdaş, məsuliyyətli aktor və regional sabitlik mərkəzinə çevirib.

Güclülərin dünyasında yeni səhifə açan lider məhz cənab İlham Əliyevdir. Onun uzaqgörən və çevik siyasəti nəticəsində Azərbaycan təkcə proseslərə uyğunlaşan deyil, eyni zamanda proseslərə təsir edən dövlətə çevrilib. Bu gün bir çox regional məsələlərin həllində Bakının açar rol oynaması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır”.

O əlavə edib ki, bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında strateji körpü rolunu uğurla icra edir: “Qlobal nəqliyyat və logistika marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan faktiki olaraq beynəlxalq ticarət və enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. “Bütün yollar Azərbaycana aparır və Azərbaycandan keçir” ifadəsi artıq siyasi metafora deyil, real geosiyasi faktdır.
Cənab Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibədə bu proseslərə  detallı şəkildə aydınlıq gətirib. Azərbaycanın gələcək inkişaf strategiyası, xarici siyasət prioritetləri və beynəlxalq mövqeyi aydın şəkildə ortaya qoyulub.

Məharətli çoxvektorlu siyasətin nəticəsidir ki, Bakı Çinlə Qərb arasında tarazlaşdırılmış əməkdaşlıq körpüsü rolunu uğurla icra edir. Prezidentin də qeyd etdiyi kimi, Çinlə strateji tərəfdaşlıq Azərbaycanın uğurlu diplomatiyasının mühüm göstəricisidir. Dünyanın aparıcı güc mərkəzlərindən biri olan Çinlə qurulan bu siyasi platforma Azərbaycanın qlobal miqyasda artan etimadının və nüfuzunun təzahürüdür.

Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlərdən biri də D-8 təşkilatına üzv qəbul olunmasıdır. Müsəlman dünyasının ən böyük dövlətlərini birləşdirən bu təşkilatda ümumi əhali bir milyarddan, iqtisadi potensial isə dörd trilyon dollardan çoxdur. Azərbaycan nə əhali, nə də iqtisadi ölçülərə görə böyük dövlət olmasa da, bu platformada fəal iştirak etməsi ölkəmizin müstəqil və balanslı siyasətinin nəticəsidir.

Xarici siyasətdə digər mühüm nailiyyət isə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx ikitərəfli və çoxtərəfli əməkdaşlıq sayəsində bu statusa layiq görülüb. Bu, nadir diplomatik hadisə olmaqla yanaşı, Azərbaycanın artan regional çəkisinin göstəricisidir.

Bu gün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5 formatının C6-ya çevrilməsi təkcə region üçün deyil, bütövlükdə dünya üçün strateji əhəmiyyət daşıyır. Çünki nəqliyyat, logistika və bağlantılar müasir qlobal sistemdə əsas həlledici faktorlardır. Mərkəzi Asiyanı Qərblə təhlükəsiz və etibarlı şəkildə birləşdirə bilən yeganə real marşrut məhz Azərbaycan üzərindən keçir. Mövcud geosiyasi şəraitdə alternativ marşrutların Qərb üçün məqbul olmaması Azərbaycanın rolunu daha da artırır.

Nəticə etibarilə, güc qanununun hökm sürdüyü bir dünyada Azərbaycan ağıla, balanslı diplomatiyaya və strateji uzaqgörənliyə əsaslanan güc modeli formalaşdırır. Bu modelin mərkəzində isə güclü dövlətçilik iradəsi və cənab Prezident İlham Əliyevin liderliyi dayanır. Azərbaycanın regional və qlobal miqyasda artan rolu göstərir ki, ölkəmiz qarşıdakı illərdə də beynəlxalq sistemin əsas söz sahiblərindən biri olacaq”.