“Hazırda dünya son onilliklərin ən mürəkkəb və ziddiyyətli mərhələlərindən birini yaşayır. Qlobal idarəetmə sistemi zəifləyib, çoxtərəfli əməkdaşlıq anlayışı əvvəlki təsir gücünü itirib, beynəlxalq münaqişələr isə daha da dərinləşərək qeyri-müəyyənliyi artırıb. Beynəlxalq təşkilatların sülh, təhlükəsizlik və rifah yaratmaq missiyası faktiki olaraq iflic vəziyyətinə düşüb və bu durum artıq ayrı-ayrı hallar deyil, sistematik problem xarakteri daşıyır. Qlobal miqyasda artan gərginliklər regionlara da birbaşa təsir edir, lokal problemləri daha mürəkkəb və həllolunmaz hala gətirir”.
Bunu Ölkə.az-a açılamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputata bildirib ki, belə bir şəraitdə Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşması üçün real zəminin yaranması xüsusi əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda verdiyi mesajlar məhz bu yeni yanaşmanın bariz nümunəsidir. Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişə və faciələrdən sonra yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcəyini dəyişən tarixi sülh razılaşmasını hazırlayıblar.
Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh sazişinin nadirliyi ondan ibarətdir ki, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflanıb. Bu fakt göstərir ki, güclü siyasi iradə və sülhə real sadiqlik olduqda, uzunmüddətli münaqişələr belə qısa zaman ərzində həll oluna bilər. Paraflanmış sənəd artıq real və praktiki nəticələr doğurur. Azərbaycan və Ermənistan müstəqil dövlətlər kimi tarixlərində ilk dəfə olaraq sülh şəraitində yaşayırlar. 1991-ci ildə müstəqillik əldə edilərkən hər iki ölkə artıq müharibə vəziyyətində idi. Bu gün isə sülhün konkret faydaları əməkdaşlığın başlanmasında özünü göstərir.
Bunun ən real nümunələrindən biri mühüm neft məhsullarının ilk dəfə Azərbaycandan Ermənistana göndərilməsidir ki, bu da Ermənistan bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub. İki-üç il əvvəl bu cür addım təsəvvür belə olunmazdı. Bu gün isə bu, artıq yeni regional reallığın bir hissəsidir. Prezident İlham Əliyevin nikbin mövqeyi də məhz bu reallığa əsaslanır: sülh prosesinin qarşısını alacaq ciddi maneə görünmür və əsas vəzifə sülhün real nəticələrini cəmiyyətlərə nümayiş etdirməkdir ki, ictimai dəstək daha da möhkəmlənsin”.
Deputat hesab edir ki, bu prosesin ən mühüm siyasi mesajlarından biri regional problemlərin məhz region ölkələri tərəfindən həll edilə bilməsidir: “Cənubi Qafqaz dövlətləri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, qonşuluq, əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında həll etməyə qadir olduqlarını ortaya qoyurlar. Bu, qlobal idarəetmə böhranı fonunda yeni və daha effektiv regional modelin formalaşdığını göstərir.
Tam suverenliyini bərpa edən Azərbaycan bu yeni geosiyasi nizamın fəal tərəfdarı kimi çıxış edir. Ölkəmiz beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan hallara qarşı qətiyyətli mövqe nümayiş etdirir, eyni zamanda müstəqil və konstruktiv xarici siyasət yürütməklə qlobal dialoq və əməkdaşlığı təşviq edir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və milli maraqların qarşılıqlı nəzərə alınması prinsiplərini öz strateji kursunun əsası kimi müəyyənləşdirib.
BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək çoxillik münaqişəyə son qoyan Azərbaycan müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradıb. Bu addım ölkəmizi qlobal miqyasda sülhün, ədalətin və bərabərliyin ardıcıl müdafiəçisi kimi tanıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bu siyasət daha geniş Avrasiya məkanında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların inkişafına, ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərin dərinləşməsinə, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Nəticə etibarilə, həm Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlı olan Azərbaycan multilateralizmə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə real töhfələr verir. Yeni geosiyasi mənzərənin formalaşdığı bir dövrdə qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq və həmrəylik bəşəriyyətin daha təhlükəsiz və ədalətli gələcəyi üçün etibarlı zəmin yaradır”.















