DYP-dən sürücülərə MÜRACİƏTbackend

Mayın 26-dan 29-dək 4 gün boyunca “Baku Crystal Hall” və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festivalı keçiriləcək.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, festivalın keçiriləcəyi əraziyə 08:30-18:00 aralığında və əks istiqamətdə 09:00-21:00 arası avtobus xidməti təşkil edilib:

“Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metro stansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən asılı olaraq Dənizkənarı Bulvar və “Baku Crystal Hall” istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər.

Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festivalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, “Baku Crystal Hall” və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır.

Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik”.