Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında tarla seminarı keçirilibbackend
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın problemləri və müasir yanaşmalarla quraqlığa davamlılıq və məhsuldarlığın artırılması” mövzusunda tarla seminarı keçirilib.
İctimai.az xəbər verir ki, tədbir KTN ƏETİ və Elm və Təhsil Nazirliyinin Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri ƏETİ-nin direktoru Faiq Xudayev giriş sözü ilə açaraq tarla seminarının əhəmiyyətindən danışıb, aktual məsələlərə toxunub.

Sonra Kənd Təsərrüfatı Nazirinin müavini Elçin Zeynalov, ETN Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, KTN Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, “Qarabağ yem fabriki” MMC-in direktoru Rafail Mahmudov, Qobustan BTS-in direktoru Atabəy Cahangirov çıxış ediblər.

Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.