Əlilləri lağa qoyan gəncə sərt cavab – VİDEObackend

Koronavirus epidemiyasinin yayılması ilə bağlı Azərbaycanda karantin rejimi tətbiq olunduqdan sonra sosial şəbəkə istifadəçiləri bununla bağlı müxtəlif paylaşımlar edirlər.

Bəzi hallarda məsələyə yumoristik yanaşmağa çalışanlara da rast gəlinir. Bu günlərdə “TikTok” istifadəçilərindən birinin bu cəhdi isə uğursuz alınıb. Belə ki, evdən çıxmaq qadağası ilə bağlı “gülməli” video çəkmək istəyən gənc insanların qəzəbinə tuş gəlib. Onun fiziki məhdudiyyətli insan obrazı yaratmaq cəhdi birmənalı qarşılanmayıb. Bir çoxları bunu həmin şəxslərə təhqir kimi qiymətləndirib.

İdman jurnalisti, “ƏSA” teatrının aktyoru Orxan Əliyev də həmin video ilə bağlı etirazını bildirib.

“Bildiyiniz kimi, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranmış karantin günlərindən hərə bir cür istifadə etməyə çalışır. Yaranmış bu vəziyyət “TikTok” istifadəçiləri üçün göydəndüşmə fürsət, necə deyərlər bir mövzu oldu. Çox təəssüf ki, Anar Oruczadə adlı bir şəxs əlillik mövzusunda qısa bir video çəkib. Mən və bir çox insanlar əlilliyi olan şəxslərin bu cür məsxərəyə qoyulmasının və bayağı gülüş obyektinə çevrilməsinin əleyhinəyik”.

 

O.Əliyev bununla bağlı həmin gəncə birbaşa etirazını bildirdiyini də qeyd edib.

 

“Mən öz sosial şəbəkə hesablarımdan bu videoya etiraz olaraq bir məlumat yayımladım. Hətta o şəxsin özünə də yazdım ki, videonu silsin. Bütün bunlara baxmayaraq video hələ də silinməyib. Hətta A.Oruczadənin aktyor kimi çalışdığı Gəncə Karnaval MMC şirkətinin “Instagram” səhifəsində də bu video paylaşılıb. İnanın, mən bu mübarizəni özümə görə aparmıram. Dünəndən məni tanıyan, əlilliyi olan şəxslərin valideynləri nə qədər stress keçirdiklərini yazıblar”.

O.Əliyev videonun sosial şəbəkələrdən silinməsini tələb etdiklərini və lazım gələrsə buna bağlı hüquq müstəvisində addım atılacağını vurğulayıb:

“Bizim yeganə istəyimiz və hətta deyərdim, tələbimiz odur ki, bu video bütün sosial şəbəkələrdən silinsin. Əks halda, biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.