Elmir Süleymanlı: “Prokurorluğa dövlət qayğısı qanunçuluğun möhkəmləndirilməsini şərtləndirir”backend

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın israrlı təkidi və xahişləri ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə köklü islahatlara başlanıldı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental islahatlar sayəsində sürətlə inkişaf edən ölkəmizdə paralel olaraq hüquq sahəsində də əsaslı yeniliklərin aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda dahi rəhbərin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd olunan istiqamətdə səmərəli fəaliyyət, o cümlədən adıçəkilən fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və “cəzanın labüdlüyü” prinsipinin reallaşması ilə nəticələndi.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dəyişməsi  yeni qanunların qəbul edilməsini zəruri etsə də, bu prosesin qısa bir zamanda və ələlxüsus da əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün olmadığı üçün, müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsi labüd olduğundan, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri olan müstəqil respublikamızın ilk Konstitusiyasının demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanmasını təmin etməsi, ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi hüquqi islahatlara hərtərəfli dəstək olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi də ümummilli lider Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi.

1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulması, daha sonra onun tətbiqinin məhdudlaşdırılması, 10 fevral 1998-ci il tarixdən Şərqdə ilk dəfə olaraq ölkəmizdə bu cəza növünün ləğv edilməsi-fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ulu Öndərin 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasının növbəti təzahürü idi.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın  maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması da ulu öndərin prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olmuşdur.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir.

Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olmuşdur.

Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də davam etdirilir.

28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndərin prokurorluğun fəaliyyətini istiqamətləndirən: “…Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram…” kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir.

Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Xüsusi vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Sevindirici və qürurvericidir ki, cənab Prezident İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır və ölkəmizin uğurları durmadan artır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq da öz növbəsində Prezidentini hamılıqla dəstəkləyir. Prezident-xalq birliyinin sayəsində Azərbaycan gələcəyə doğru inamla addımlayır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxşaxəli islahatlar aparılır, nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, regionların tarazlı inkişafı təmin olunur, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir.

Dövlətimizin hərtərəfli qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və mahir idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan etibarlı silahdaşın-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olmuşdur.

İftixar hissləri ilə vurğulanmalıdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfər Azərbaycanın qüdrətinin ən bariz sübutudur. Bu tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini, xalqımızın əzmkarlığını, rəşadətli ordumuzun gücünü, eləcə də dünya siyasətində öz layiqli yerini tutan mahir diplomat lider və yenilməz sərkərdə olan dövlət başçısı cənab İlham Əliyevin müdrikliyini və sarsılmaz qətiyyətini bir daha dünyaya göstərdi.

Qeyd olunmalıdır ki, prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları qürur dolu 44 gün ərzində də istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər.

Ölkə başçısı cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələri və dəyərli göstərişləri əsasında Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müasir tələblərə uyğun və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azdlıqlarının etibarlı qorunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir. Qeyd olunmalıdır ki, prokurorluq əməkdaşları öz xidməti vəzifələrini tam məsuliyyətlə, vicdanla və peşəkarlıqla yerinə yetirməklə yanaşı, cəmiyyətdə yüksək insanlıq və əsl vətəndaşlıq nümunəsi göstərirlər. Cinayət hadisələri üzrə istintaqın aparılmasında, cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasında və layiq olduqları cəzalara məhkum edilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının da xidmətləri danılmazdır. Minnətdarlıq hissləri ilə xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prokurorluğu əməkdaşlarının müstəqil dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə, Azərbaycan Respublikasında dövlətçiliyin qorunmasındakı, sabitliyin təmin edilməsindəki, mürəkkəb və çoxepizodlu cinayət işlərinin, eləcə də xüsusi təhlükəli dövləti cinayətlərin istintaqının yüksək peşəkarlıqla aparılmasındakı fəaliyyətlərinə Prezident cənab İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymət verilmiş, prokurorluğun əməkdaşları orden və medallarla təltif edilmişdir.

Bu gün Azərbaycan Prokurorluğu özünün yeni – uğurlu dövrünü yaşayır. Məlum olduğu kimi, ötən il möhtərəm Prezident İlham Əliyev II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevi isə yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru təyin etmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci il may ayının 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni tərəqqi dövrü başlamışdır.

Vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq prokurorluğun kadr korpusunun da şəffaf prosedurlar əsasında yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər cənab Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə eyni intensivliklə davam etdirilir.

Möhtərəm Prezident cənab İlham Əliyevin ədliyyə general-leytenantı Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etməsi Hərbi Prokurorluğa, onun rəhbərliyinə və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olmuşdur.

Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa, eləcə də prokurorluq əməkdaşlarına dövlət səviyyəsində verilən yüksək dəyərin məntiqi nəticəsi olaraq prokurorluq kollektivinin üzvləri daha məsuliyyətli olmaqla xidməti vəzifələrini layiqincə icra edir. Əminəm ki, hər bir prokurorluq əməkdaşı bundan sonra da əzmlə çalışaraq qanunların keşiyində durmaq kimi şərəfli işinin öhdəsindən məharətlə gələcəkdir.

Elmir SÜLEYMANLI,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Kadrlar şöbəsinin rəisi, Ədliyyə polkovniki