Elşən Qəhrəmanov : “Koronavirus bizim əslində edə biləcəyimiz, amma etmədiyimiz potensialımızı üzə çıxardı” – MÜSAHİBƏbackend

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, valideynlər “camaatın uşağı” prinsipi ilə öz uşaqlarından potensialından qat-qat artıq şeylər gözləyirlər.

İctimai.az təlimçi, “Gənc Zona” proqramının layihə rəhbəri Elşən Qəhrəmanovla müsahibəni təqdim edir.

 – Oxuyucularımızın daha yaxşı tanıması üçün özünüz və fəaliyyətiniz haqqında məlumat verərdiniz. 

– Qəhrəmanov Elşən Qəhrəman oğlu. Əslən Füzuli rayonundanam, amma mənfur düşmənlərimizin işğalçı siyasəti sayəsində 16 avqust 1996-cı il tarixində Saatlı rayonunda anadan olmuşam. Orta təhsilimi Beyləqan və Füzuli rayonlarında almışam. 2014-cü ildə Azərbaycan Dillər Universiteti Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olmuşam. 2018-ci ildə isə universiteti “Fəxri məzun” kimi bitirmişəm. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi (MBA) üzrə (Sosial Media Marketinq) üzrə magistr təhsili alıram.

Fəaliyyətim isə biraz genişdir çalışacam qısa yazaraq məlumatlandırım. 2015-2018-ci illər ərzində ADU-nin Tələbə Gənclər Təşkilatında İntellektual Oyunlar Klubunun, İctimaiyyətlə Əlaqələr Departamentinin sədri, TGT-nın sədr müavini kimi fəaliyyət göstərmişəm. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında da aktiv fəaliyyətim olub. Vətənpərvlər Klubunun, Qarabağ Mərkəzinin rəhbəri, İşçi Qruplarla İş Departamentinin direktor müavini, qısa müddət isə Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyət göstərmişəm. “Baku 2015 Avropa Oyunları”, “Baku 2017 İslam Həmrəyliyi Oyunları”nda könüllü fəaliyyət göstərmişəm. Azərbaycan İntellektual Oyunlar Klubunun Parlaq Zəka intellektual oyununda isə münsiflər heyətində olmuşam. 2017-ci il 13 dekabr tarixində ADU-da keçirilən “Xəlifə günü” layihəsi çərçivəsində universitetin “Tərbiyə işləri üzrə prorektor”u olmuşam. 2018-ci ildə pedaqoji təcrübəmi isə könüllü olaraq 1 ay müddətində Ağcabədi rayonunda yerləşən məcburi köçkün məktəbində keçmişəm. 4 il ADU Sənəd Qəbulu Komissiyasında, həmçinin yardımsevər gənclərimiz tərəfindən yaradılmış “Xeyirxah” platformasında da fəaliyyət göstərmişəm. Tələbəliyim müddətində bir çox diplom və sertifikatlarla, xüsusən də 2017-ci il üzrə ADU-nin “Ən aktiv tələbəsi”, 2018-ci ildə isə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “İlin gənci” nominasiyası üzrə təltif edilmişəm. Tədris mərkəzlərindən birində marketinq menecer, “LOQOS” Psixologiya və Nitq İnkişaf Mərkəzində isə “Gənc Zona” layihəsinin rəhbəri kimi fəaliyyət göstərmişəm. 3 ildir ixtisas seçimi üzrə ekspert kimi abituriyentlərə tam ödənişsiz kömək göstərirəm. 2 ildir təlimçilik fəaliyyəti ilə məşğul oluram.

 – Müxtəlif layihə və təlimlər çərçivəsində tələbələrlə görüşləriniz olur. Bu görüşlərdə gənclərdə hansı problemləri hiss edirsiniz?  

– Həm təhsil aldığım müddətdə, həm iş karyeramda tələbələrlə bir arada olduğum üçün düzünü desəm çox şadam. Təlimçi kimi fəaliyyət göstərməyimdə bu məqamın da xüsusi yeri var. Aktiv gənclərimiz var, hətta sayları çoxdur. Bu qürurvericidir. Amma bəzi gənclərimizdə tənbəllik, özgüvənsizlik və özünü ifadə etmək problemləri var. Bu da məncə həddindən artıq sosiallaşmağın nəticəsidir. Özgüvənsizlik və digər qeyd etdiyim problem isə kənar təsirlərin, xüsusən də valideynlərin basqıları nəticəsində yaranır deyə çalışırıq.

 – Bildiyimiz kimi, gənclərlə yanaşı daha yaxşı şəxslər, valideynlərlə də görüşlər keçirirsiz. Gənclər və daha yaşlı təbəqə arasında hansı fərqlər daha qabarıq özünü göstərir? 

– Qeyd etdiyim kimi 3 ildir ixtisas seçimiylə məşğulam. Bununla bağlı valideynlərlə həm fərdi həm qrup şəklində görüşlərimiz də olub. Günümüzün acı reallığı budur ki, bizim ixtisaslarımızı əksər hallarda valideynlər seçir və ya balımız çatdığı yerə uyğunlaşmağa məcbur qalırıq. Seçim üçün gələn abituriyent valideynləriylə gəlir. Soruşuram hansı ixtisası istəyirsən? Valideynin üzünə baxır, öz istəyini deməyə çəkinir. Bu da valideynin istəyi ilə abituriyentin istəyinin fərqli olduğunu göstərir. Bu halların nəticəsi də valideynin seçdiyi ixtisasa qəbul olan tələbə oxuya bilmir, bacarmır və nəticədə kredit fərqləri (kəsrlər) yaranır. Ümumiləşdirdikdə isə müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, valideynlər “camaatın uşağı” prinsipi ilə öz uşaqlarından potensialından qat-qat artıq şeylər gözləyirlər. Gənclər isə onların bu təzyiqlərindən azad olmaq, öz qərarlarını özləri vermək istəyirlər. Bacardığımız qədər biz də maarifləndirmə işlərini davam etdirməyə çalışırıq.

 – Elşən bəy, koronavirus səbəbilə bir çox təlimçilər kimi, Siz də onlayn təlimlərlə çıxış edirsiniz. Aktivlik necədir və daha çox izləyicilər hansı suallarla müraciət edirlər? 

– Koronavirus bizim əslində edə biləcəyimiz, amma etmədiyimiz potensialımızı üzə çıxardı. Distant təhsilə keçid, şirkətlərin onlayn formada fəaliyyət göstərməsi hərşeyin işə və ya dərsə getmədən də mümkün olduğunu göstərdi. Biz də bütün ölkəmiz kimi, daha çox sosiallaşmağa və palaza bürünüb, elnən sürünməyə başladıq. Həm sosial şəbəkələr həm də digər virtual toplaşma proqramları vasitəsilə təlimlərimiz olur. Amma ölkə ərazisində internetin qənaətbəxş olmadığını, bəzi bölgələrimizdə internet olmadığını nəzərə alsaq, aktivlik digər təlimlərimiz qədər deyil. Təlimlərimizdə gənclərin sual və istəklərinə əsasən təlimin mövzusu ilə yanaşı, hazırda mövcud olan situasiyanı da müzakirə edirik. Karantin müddətini nəzərə alaraq ən çox ünvanlanan suallar isə “Elşən bəy karantin müddəti sizcə uzadılacaq?”, “Tədris prosesi necə olacaq?” və s. bu tipli suallardır. Bunlara ümumi cavab olaraq da burdan qeyd edim ki, necə olacağına Operativ Qərargah qərar verəcək. Əsas odur siz, yalan məlumatlara aldanmayın və paylaşmayın.

 – Təxminən 1 aydır ki, koronavirusa qarşı ölkəmizdə ciddi tədbirlər görülür və müntəzəm çağırışlar edilir. Bəs siz gənclər və cəmiyyətin digər nümayəndələri üçün hansı çağırışlar edirsiz?  

– Verilən qərarlar göstərir ki, dövlət öz vətəndaşını qorumağa çalışır. Bundan başqa məni çox sevindirən gözəl bir mənzərə də var ki, sosial şəbəkələr vasitəsilə insanlarımız birləşərək ehtiyacı olan ailələrə ərzaq yardımı göstərirlər. Həqiqətən gözəl insanlar var, xalqımız, millətimiz bir-birinə dayaq olur. Bu möhtəşəmdir. Ümumilikdə isə çağırış olaraq mən də insanlarımızdan xahiş edirəm Operativ Qərargahın çağırışlarına əməl etsinlər. Əgər tezliklə yenidən darıxdığımız o küçələrdə gəzmək istəyiriksə, dostlarımızla birlikdə olmaq istəyiriksə, bunları nəzərə alaraq evdə qalmalıyıq. Yumoristik və o qədər də həqiqəti göstərən bir paylaşım var idi sosial şəbəkələrdən birində, “İlk dəfədir ki, divanda oturub televiziya izləyərək can qurtara bilərik”. Sağlam olmaq üçün, bizim üçün çalışan həkimlərimiz, güc mühafizə orqanlarımız, KİV nümayəndələrimiz və digər şəxslər üçün evdə qalmalıyıq.

 – Yekun fikirlərinizi almaq istərdik. 

– Son olaraq sizə operativ, qərəzsiz və düzgün məlumatlar çatdırığınız üçün təşəkkür edirəm. Müsahibəyə dəvətiniz üçün və gözəl suallarınız üçün də sizə minnətdarlığımı bildirirəm. İctimai sözü böyük anlayışdır. İctimai fəaliyyətimizi, ictimailəşdirirsiniz. Hər zaman gənclərə dəstək olmağınızı, xoş xəbərlər paylaşmağınızı və bu xəbərləri oxuduqca üzümüzdə təbəssüm yaratmağınızı arzu edirəm! Gənclərə isə demək istəyirəm ki, “Ömür yalnız təqvimdəki günlərin toplumu deyil. Onu mənalı etmək, gözəl yaşamaq isə bizdən asılıdır. Özünüzə inanın və bir məqsəd seçib ona doğru addımlayın. Əmin olun o hardasa sizi  gözləyir”.

– Maraqlı və səmimi müsahibəyə görə təşəkkürlər! 

İctimai.az