Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib.
Yeni dövlət standartları xilasedici jiletlərin fərqli səviyyələrinə və müxtəlif qoruyucu geyimlərə dair, həmçinin infeksion törədicilər, mexaniki zədələnmələr, kimyəvi təsirlərə qarşı təhlükəsizlik tələblərini, eləcə də insan resurslarının idarəedilməsinə dair göstəricilərə olan tələbləri müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, işçilərin fiziki və psixoloji rifahının təmin edilməsi, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.
Qeyd edək ki, yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.