Martın 6-da Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqəsi çərçivəsində “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyinin “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi üzrə “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlim keçirildi.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anıldıqdan sonra Bakı Slavyan Universiteti rektorunun müşaviri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədov tədbiri açaraq qeyd etdi ki, Azərbaycan dövləti elmin inkişafına, həmçinin yüksək ixtisaslı elmi kadrların hazırlanmasına prioritet sahə kimi xüsusi diqqət yetirir, elmi, bədii, intellektual yaradıcılıq əsərlərinə müəlliflik hüququnun qorunmasını mədəniyyət və incəsənətin inkişafına təkan verən amil hesab edir. Elmi müəssisələrin universitetlərin tabeliyinə keçirilməsi, AMEA-da islahatların aparılması ali təhsil müəssisələrinin elmi potensialının artıtılmasını tələb edir. Bununla paralel olaraq əqli mülkiyyət hüququnun qorunması önə çıxır. O, əqli mülkiyyət hüququnun qorunmasına həsr olunmuş layihənin əhəmiyyətini qeyd edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və layihənin icraçısı olan Hüquqi Tədqiqatlar Mərkəzi İB-nə bu sahədə gördükləri işə görə təşəkkürünü bildirdi.
Hüquqi Tədqiqatlar Mərkəzi İB-nin rəhbəri Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti Bəxşeyiş Əsgərov açılış nitqində göstərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o, qanunla qorunur. Müəllif hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun digər növləri qanunla qorunur. Eləcə də Konstitusiyasının 51-ci maddəsində göstərilir ki, hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.
İnsan hüquqlarının vacib sahısi olan əqli mülkiyyət hüququnu və yaradıcılıq azadlığını təmin etmək üçün ölkəmizdə çoxsaylı normativ-hüquqi aktlar qəbul olunmuş, Azərbaycan Respublikası əqli mülkiyyətlə bağlı beynəlxalq konvensiyalara qoşulmuş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi yaradılmışdır və o, intensiv, səmərəli fəaliyyət göstərir.
Bununla belə, əksər hallarda əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər elmi və elmi-pedaqoji kadrlar bu sahədə öz geniş hüquqlarını bilmir, əqli mülkiyyət obyektlərinni kommersiyalaşdırılması, milli və beynəlxalq bazara çıxarılmasını bacarmırlar. Bunun nəticəsində yaradıcılıq məhsulları onların rifahının yüksəlməsinə, yaradıcılıq potensialının artırılmasına az kömək edir.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Əqli Mülkiyyət hüququnu Təminat Mərkəzinin şöbə müdiri Vüsal Quliyev çıxışında bildirdi ki, müasir dövrdə əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi, sosial və hüquqi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və onun müasir ictimai münasibətlər sisteminə uğurla çıxarmaq üçün müəlliflər öz hüquqlarını bilməlidirlər. Bu isə, öz növbəsində onların hüquqlarının qorunmasında mühüm rol oynayır. O, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəlliflərə yaradılan şərait haqqında ətraflı məlumat verdi. QHT-lərin bu sahədə maarifləndirmə işinə cəlb edilməsini təqdir etdi.
Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin və yaradıcı gənclərin iştirak etdiyi tədbirdə layihənin ekspertləri hüquqşünas Aydın Kərimov və əqli mülkiyyət hüququ üzrə tanınmış mütəxəssis Natiq İsayev interaktiv qaydada, xüsusi metodika üzrə hazırlanmış təlim keçdilər. Onlar əqli mülkiyyət hüququnun mahiyyəti, elmi-tədqiqat sahəsində müəllif hüquqları, onların müdafiəsi mexanizmləri, mövcud qanunların və qanunqüvvəli aktların məzmunu, patentlər və əmtəə nişanları, müəllif müqavilələrinin tərtib edilməsi, qonorar, eləcə də plagiat halları ilə mübarizə yolları və s. məsələləri ətraflı izah etdilər.
Təlimin gedişində professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hazırladığı çoxsaylı kitablar barədə ətraflı məlumat verildi və onlardan bəziləri nümayış etdirildi.
Təlimdə iştirak edən BSU-nun əməkdaşları – professor Telman Cəfərov, professor Piralı Əliyev, professor Rafiq Novruzov, dosent İbrahim Quliyev, dosent Mehriban Quliyeva və digərləri əqli mülkiyyətdən əldə edilən gəlir, elmi-tədqiqat və bədii yaradıcılıq prosesində qarşılaşdıqları problemlər, plagiat halları və s. haqda məlumat verdilər, geniş fikir mübadiləsi aparıldı. Sonda iştirakçılar bu mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini, eləcə də Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Vüsal Quliyevin və təlimçilərin söylədikləri fikirlərin çox faydalı olduğunu qeyd edərək, belə layihələrin davamlı şəkildə keçirilməsini arzu etdilər.
Tədbirin sonunda layihə rəhbəri Bəxşeyiş Əsgərov təklifləri və söylənən fikirləri ümumiləşdirdi, fəal iştiraka, işgüzar və faydalı çıxışlara görə iştirakçılara, təlimin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi.















