Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, sentyabrın 4-də Soçidə keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə dövləti vasitəsilə Afrikaya nəqli variantını müzakirə edəcəklər. Bu barədə TASS Ankaradakı siyasi dairələrdəki mənbəyə istinadən xəbər verir.
“Prezidentlər Ərdoğan və Putinin gündəmində Qətərin maliyyə dəstəyi ilə Rusiyadan ehtiyacı olan Afrika ölkələrinə Türkiyə vasitəsilə taxıl tədarükü ssenarisi olacaq. Belə bir ehtimalın ətraflı nəzərdən keçirilməsi zəruridir, ondan sonra bu təşəbbüs çərçivəsində istənilən konkret qərar qəbul edilə bilər”, – mənbə bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya taxılının Afrikanın 6 ölkəsinə təmənnasız tədarükü ilə bağlı praktiki işə artıq başlanılıb.
Mənbə: TASS
