Ərdoğan Zəfər paradında Bəxtiyar Vahabzadədən şeir söylədibackend

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Bakıda keçirilən Zəfər paradı ilə bağlı fikirlərini bildirib.

O, Bəxtiyar Vahabzadənin şeirindən misal gətirib:

“Bu zəfər günündə sizinlə birgə olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma zərif dəvəti üçün təşəkkür edirəm. 44 günlük müharibədə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Şair Bəxtiyar deyib:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı ancaq
Qanla möhürləyib, zorla alarlar.

Xarı bülbül Azərbaycan torpaqlarının simvolu olub. Qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyətini yerinə yetirib. Bu münasibətlə ümummilli lider Heydər Əliyevə rəhmət diləyirəm. İnşallah, İlham Əliyev dastan yazmağa davam edəcək.

Türkiyə bütün dəstəyi ilə Azərbaycanın yanında olub. Heydər Əliyevin “iki dövlət, bir millət”, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırlamaq yerinə düşər. Bugünədək siyasi arenada aparılan mücadilə bundan sonra fərqli gedəcək.

Füzuli şəhərində bayraq asmağa bina tapılmayıb. Şəhərlər, kəndlər, məscidlər dağıdılıb, viran qoyulub. Ermənilərdən bütün bu təxribatın məsuliyyəti sorulmalıdır. Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Ağdam, Naftalan kimi şəhərlər bombalanıb.

100 nəfər bu bombalanma zamanı şəhid olub, 416 insan bu bombalanmada yaralanıb. Bunun hesabını istəmək boynumuzun borcudur. Bir milyon məcburi köçkün artıq doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənib. İnşallah, qısa müddətdə onların öz torpaqlarına qayıdacağına inanırıq.

Ermənilərin ağıllarını başlarına toplaması lazımdır. Ermənistan rəhbərliyi bütün xərclərini lazımi yerə yönəltsəydi, daha yaxşı ola bilərdi. Qərb imperialistlərin dəstəyi ilə bir şeyə nail olmaqdansa, mehriban qonşuluq edilməlidir. Belə olarsa, bölgədə sakit həyat tərzi olar”.