Erkən nikah… Cəmiyyətin səssiz travması… – Psixoloq Nərmin Ağayevabackend

Erkən nikah cəmiyyətin səssiz travması, uşaqlığın qəfl sonu və şəxsiyyətin məhv edilməsi deməkdir.

İctimai.az xəbər verir ki, Azmedia.Az  son zamanlar gündəmi zəbt edən mövzu, erkən nikahla bağlı psixoloq Nərmin Ağayevaya müraciət edib.

Saytımıza açıqlama verən psixoloq maraqlı yanaşması isə diqqət çəkib. Həmin açıqlamanı olduğu kimi sizlərə təqdim edirik:

“Bəzilərini buna ənənə, ailə dəyərləri deyir amma psixologiya və hüquqda bu anlayış, zorakılıq kimi adlandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqlar, valideynlərin və ya digər şəxslərin zorakılığına məruz qalmamalıdır. Erkən nikah, məhz bu maddənin kobud şəkildə pozulmasıdır, çünki azyaşlı qızın evliliyə məcbur edilməsi onun fiziki, emosional və psixoloji azadlığının əlindən alınması deməkdir. Bu eyni zamanda insan hüquqlarının pozulmasıdır. Məsələ ilə bağlı bir neçə aspekti sadalayacağam.

Erkən nikahda elmi əsaslara baxaq. Bu beyin və şəxsiyyətin travması deməkdir. Neyropsixologiyada sübut olunmuşdur ki, yeniyetmənin beyninin inkişafı təxminən 21 yaşına qədər davam edir. Xüsusilə, beyində bir zona vardır ki, bu qərar vermə, impulsların idarəsi, məsuliyyət hissi və sosial davranışlara cavabdeh olan sahədir ki, həmin sahə məhz bu dövrdə formalaşır. Bu prefrontal korteks adlanır. Erkən nikah bu prosesi dayandırır. Uşaq özünü tanımadan valideyn olur, seçim etmədən ömürlük olaraq bir rol sahibi olur.

Erik Eriksonun psixososial  inkişaf nəzəriyyəsinə görə, yeniyetməlik mərhələsi identiklik axtarışı dövrüdür, yəni “mən kiməm?” sualına axtarış dövrü. Erkən nikah, bu mərhələni zorla kəsir və insanı indentiklik pozuntusuna sürükləyir. Uşaq, qadın roluna məcbur edilir amma beyin olaraq hələ də uşaq qalır. Bu ziddiyyət illərlə davam edən depresiya, panikatak, emosional uyuşma, posttravmatik stress pozuntusu ilə nəticələnir.

Erkən nikahın psixoloji nəticələri nələrdir?

1.Uşaqlarda travmatik bağlanma yaranır, o yaşda nikah insanın təhlükəsizlik hissini məhv edir. Bəzi qadınlar sevgi ilə qorxunu qarışıq yaşayır. Sevilmək onlarda, ağrı ilə birgə gələn duyğuya çevrilir.

2.Depressiya, bu zaman depressiv şəxsiyyət formalaşır. Uşaqlıqdan zorla böyüdülən qadınlar çox vaxt, “mən kiməm?” sualına heç zaman cavablaya bilmirlər.

3.Cinsi istismar travması. 18 yaşdan aşağı cinsi əlaqə psixoloji cəhətdən istismar sayılır. Bu beyində donma mexanizmini aktivləşdirir. Uşaq bədənində qorunma funksiyası formalaşdırır, susmaq, donmaq, qorxmaq, itaət etmək və s.

Məsələyə birdə hüquqi aspektdən baxaq: Sosial məsuliyyət…  Azərbaycan Respublikası ailə məcəlləsinin 10-cu maddəsinə əsasən, qadın və kişi üçün nikah yaşı 18 yaş müəyyən edilib, bu həddi aşağı salmaq, rəsmi qeydiyyat olmadan evlənmək, qanun qarşısında cinayət məsuliyyəti doğurur. Amma məsələ tək qanunla bitmir, burada söhbət, ailədaxili zorakılıq mədəniyyətindən, qız uşağının dəyərsizləşdirilməsindən gedir. Bu, cəmiyyətin patriarxal travmasıdır. Nəsillər boyu ötürülən qorxu və nəzarət formasıdır”.

Bəs bu məsələyə psixoloq kimi mövqeyim nədir? Mən, psixoloq Nərmin Ağayeva, erkən nikah nə sevgi, nə ailə, nə də seçimdir, deyirəm. Bu zorakılığın romantikləşdirilmiş formasıdır. Bu zorakılığın müasirlərmiş formasıdır. Uşağın bədənini yetkin saymaq amma beynini, duyğusunu, şəxsiyyətini görməməzlikdən gəlmək psixoloji cinayətdir. Cəmiyyət uşaq gəlinləri böyütmür, yarımçıq qadınlar yaradır. İçində dondurulmuş qız uşağı ilə yaşayan amma ana adlandırılan qadınlar…