Erməni terroru nəticəsində evləri dağılmış şəxslərə yeni mənzillər verildi – FOTObackend

Ermənistanın Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib.

Belə ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası ötən müddətdə müvafiq işlər aparıb.

Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib. Həmin binalarda yaşayan 66 ailə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilib.

Mənzillərin bölgüsü vətəndaşlara məxsus yaşayış sahələrinə müvafiq – püşkatma yolu ilə müəyyən olunub. Martın 4-də püşkatma nəticəsində 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanılıb. Novruz bayramı günlərində isə 60 mənzilə dair müvafiq sənədlər və mənzillərin açarları sahiblərinə təqdim edilib. Sənədləşmə işi hazırda davam edir.