Ermənistan böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu Azərbaycanın təklifi ilə əməkdaşlıq etməkdir – Sevinc Hüseynovabackend

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında və eləcə də mədəniyyət mərkəzimiz Şuşada keçirilən IX Qlobal Bakı Forumu qlobal problemlərin həlli yollarını araşdıran və beynəlxalq ictimaiyyəti narahat edən qlobal çağırışların müzakirə olunduğu bir məkana çevrilib.

Bunu “Yeni Gündəm”-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, bu forum həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir:
“Belə ki, beynəlxalq gündəlikdə duran əsas məsələr, o cümlədən təhlükəsizlik məsələləri və Avropadakı cari vəziyyət barədə forumda açıq müzakirələr aparıldı.
Forum eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından da mühüm əhəmiyyətə malikdir”.
S.Hüseynova vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə öz torpalqarını işğaldan azad edib və regionda yeni reallıqlar yaradıb: “Artıq münaqişə geridə qalıb, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu forumda çıxışında bir daha Ermənistana ciddi xəbərdalıq etdi. Bildirildi ki, bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn beş əsas prinsipi əsasında sülh müqaviləsinin üzərində işlənilməlidir.
Dövlət başçısı qeyd etdi ki, “Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürüb”.
Deputat bildirib ki, begionda sülhün bərqərar olması üçün nəqliyyat kommunikasiyalarının açılması da vacib əhəmiyyətə malikdir. “Bu istiqamətdə Azərbaycan üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Lakin qarşı tərəf bütün bu məsələni ləngitməyə çalışır. Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Ölkə Prezidenti vurğuladı ki, “Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.

S.Hüseynova əlavə edib ki, Ermənistan anlamalıdır ki, onun bugünki böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu Azərbaycanın təklifi ilə əməkdaşlıq etməkdir:
“Regionda sülhün təmin edilməsinin digər vacib elementi isə ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsidir. Bu baxımdan Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və regionda sülhün bərqərar olması üçün əməkdaşlıq etməlidir. Bunun əksi Ermənistana heç bir fayda gətirməyəcək.
Dövlət başçısı öz çıxışında vurğuladı ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.

Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi”.