Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol veribbackend

Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Bir neçə gün öncə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərməsi bir daha işğalçı ölkənin nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.

Ötən ay cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hücüma keçən erməni silahlı qüvvələrinin BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri bir daha kobud şəkildə pozması rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti əyani sübutudur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib.

Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Həs kəsə məlumdur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Hazırda işğalçı dövlətdə vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi də az ehtimal olunur. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini belə bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir.

Görünür Ermənistan rəhbərliyi ölkədəki ağır sosial-iqtisadi durumdan diqqəti yayındırmaq üçün əvvəlcədən planlaşdırdığı çirkin oyunları təmas xəttində reallaşdırmaqdan çəkinmir. Amma şübhəsiz ki, onların bu addımı alınmır. Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində növbəti dəfə təxribata cəhd etməsi bunu bir daha sübut etdi. Belə ki, Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin diversiya cəhdinin qarşısını alındı və qrupun komandiri Qurgin Alberyan əsir götürüldü. Bununla da Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı