Ermənistan XİN-dən gülünc açıqlama: Dünyada ilk qadın səfir erməni olubbackend

“Erməni diplomatiyası Diana Abqarın dünyada ilk qadın səfir olması ilə qürur duyur”. Bu iddia Ermənistan Xarici İşlər Nazirliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Feysbuk  səhifəsində yaydığı  açıqlamada əksini tapıb.

Saxta.info Ermənistan Xarici İşlər Nazirliyinin bu açıqlamasının etibarlı olub-olmadığını yoxlayıb.

Araşdırmalar göstərir ki, Ermənistan Xarici İşlər Nazirliyinin istinad etdiyi vaxtdan daha erkən dövrlərdə qadın diplomat və səfirilər olub. Məsələn, İngiltərə Xarici İşlər Nazirliyində  ilk qadın diplomatın İspan olduğunu təsdiqləyən  sənəd saxlanılır. Həmin sənəddə  Araqon kralı Ferdinandın  1507-ci ildə dul qalmış qızı  Ketrini İngiltərəyə səfir göndərdiyi əksini tapıb. Beləliklə İspaniya krallığının İngiltərədəki  səfiri  seçilən Ketrin həm də Avropa  tarixində ilk qadın səfir olub.

1529-cu ildə Fransız kralı I Fransiskin anası Luiza Savoyskaya və İmperator V Karlın xalası Burqundiyalı Marqaretin  Kambre – də apardıqları danışıqların nəticəsində “Xanımların Sülh Müqaviləsi”, yaxud Kambre sülhü (фр. Paix des Dames, Paz de Cambrai) kimi tanınan traktat imzalanıb.

Luiza Savoyskaya (11 sentyabr 1476 – 22 sentyabr 1531)

Dünya diplomatiya tarixinə ilk qadın səfir kimi düşənlər arasında yəhudi əsilli Macarıstan vətəndaşı Rozika Şvimmer də var. Fəaliyyətində qadınlara seçki hüququnun verilməsi məsələsinə xüsusi yer ayıran Şvimmer 1914-cü ildə Londona köçərək burada müxtəlif Avropa qəzetlərinin müxbiri, həmçinin  Qadınlara seçki hüququnun verilməsi üzrə Beynəlxalq Alyansın  (IWSA) mətbuat katibi vəzifəsində çalışıb.  Həmin il I Dünya müharibəsi başlayıb və Şvimmer ABŞ-a gedərək prezident Vudro Vilsondan müharibəni bitirmək üçün bitərəf konfrans təşkil olunmasını tələb edib. 1915-ci ildə Haaqa şəhərində keçirilən Beynəlxalq Qadınlar Konqresində Şvimmerin təklifi qəbul olunub. Müharibədən sonra Şvimmer  Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqasının vitse-prezidenti seçilib.

Rozika Şvimmer 25 Noyabr 1918-ci ildə (erməni Diana Abqardan iki il əvvəl) Macarıstanın İsveçrədəki diplomatik nümayəndəliyinə rəhbərlik edərək bəşəriyyətin müasir tarixinə ilk qadın səfir kimi düşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin dünyanın ilk qadın səfir kimi təqdim etdiyi Diana Abqara gəlincə, onun haqqında çox az məlumat var və bu məlumatlar internetin  yalnız  erməni seqmentində əksini tapıb.  Həmin məlumatlara görə, Diana Abqar (Anahit Ağabek, digər mənbələrə görə – Ağabekyan) 12 oktyabr 1859-cu ildə Hindistanda erməni ailəsində anadan olub. Kəlküttədəki İlahiyyat Seminariyasında təhsil alıb.

1920-ci ilin iyulunda, Sevr Sülh Müqaviləsinin imzalanması ərəfəsində iki il əvvəl müstəqilliyini elan edən Ermənistan Respublikasının Baş naziri və xarici işlər iaziri Amazasp Ohancanyan Diana Abqarı  Uzaq Şərqə diplomatik nümayəndə və baş konsul, eyni zamanda Yaponiyaya  fövqəladə və səlahiyyətli səfir təyin edib. Həmin vaxt Abqara ömründə heç vaxt görmədiyi Ermənistanın müvəqqəti diplomatik pasportunun verilməsi də diqqət çəkir.

Bundan başqa  Diana Abqarın  qondarma “erməni soyqırımı”nın təbliğindən başqa  Ermənistanın xeyrinə diplomatik uğurları məlum deyil. Ermənilərin təqdim etdiyi məlumatlarda daha çox ticarətlə məşğul olduğu bildirilir.

Saxta.info sadalananları nəzərə alaraq bu qənaətə gəlib ki, Ermənistan Xarici İşlər Nazirliyinin dünyanın ilk qadın səfirinin erməni olmasına dair iddiası səhvdir.