“İndi bizə daha aydın məlum olur ki, Ermənistan bu zamana qədər kimlərə güvənib və kimlərin dəstəyi ilə bu qədər cinayət və təxribatlar törədib”.
Bunu İctimai.az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı əsassız təbliğat və təxribatlarını getdikcə güclənməsi ölkəmizin danılmaz inkişafının sübutudur:
“Bunun sadəcə bir adı var ölkəmizə qarşı növbəti təxribata hazırlıq. Qərb dediyimiz qrup ölkəmizin müstəqil siyasətini, uğurlarını, tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyərək Azərbaycana qarşı əsassız təbliğat və təxribatlarını getdikcə gücləndirir. Lakin onların heç bir nəticəsi olmayacaq, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Onlar artıq sadəcə islam ölkələrində deyil, bütün Afrika, Asiya ölkələri üzərindəki hörmətini itirib. Artıq onların heçkimə göstəriş verməyə üzləri qalmayıb. Yalnız əllərində qalan əbədi maşaları olan Ermənistanın əli ilə ölkəmizə qarşı məkrli planlar düşüncəsindədirlər.
Onlar Ermənistan ərazisindən istifadə edərək müstəqil siyasət yürüdən Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratmaq və beləliklə, öz maraqlarını təmin etmək arzusundadırlar”.
O, Ermənistanın hər zaman havadarlarına arxalanaraq “qaza gəldiyini” deyib.
“İndi bizə daha aydın məlum olur ki, Ermənistan bu zamana qədər kimlərə güvənib və kimlərin dəstəyi ilə bu qədər cinayət və təxribatlar törədib. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir kukladır, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar. Əvvəllər “Qərbin Demokratiyası”, “İnsan Haqqları”, “Azad Siyasət” nağılları adı altında Azərbaycanda ictimai fikirdə söz sahibi olmaq niyyətində idilər. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə media məkanımızda istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyirlərinə dəyişdirsinlər. Onların bu günə qədər heç bir nəticəsi olmadı, çünki bunların qarşısında ölkə başçımız, Cənab Prezident İlham Əliyevin güclü siyasəti, xalqımızın möhkəm iradəsi və milli ruhumuz dayandı. Azərbaycana qarşı əsassız təbliğat və təxribatlarını getdikcə gücləndirir. Dövlətimizin başçısı çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlanılmışdır. Sülh danışıqlarında müəyyən mənada razılığa da gəlinib artıq. Görünür alət kimi istifadə edilən, diqtə gözləyən Ermənistanın heç bir müstəqil qərar vermək haqqı yoxdur. Bu səbəbdən də bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa Sülhü” və ya “Müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulması deməkdir”, deyə F.Əliyev vurğulayıb.
Ekspert Azərbaycanın çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini və heç bir gücün ölkəmizə insan haqqları barədə məsləhət verməyə ehtiyac olmadğını qeyd etdi.
“İndi mən sizə sual verirəm; Bunlarmı dünyaya sülhü, insan haqqlarını öyrədirdi, demokratiyadan dəm vuraraq müstəqil siyasət aparmaq barədə məsləhətlər verirdi? Artıq heçkim “yatmır”. Heç kimi yatızdıra bilməzlər. Hamıya hər şey məlumdur. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün olacaqlara birbaşa onlar cavabdehlik daşıyacaqlar. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bunun da sübutu COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyən 200-ə yaxın ölkənin yekdilliklə qəbul edilmiş qərarıdır. Bu, bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da geriyə heç bir addım olmayacaq”, o əlavə edib.