Ermənistanın bugünkü ağır vəziyyətə düşməsinin səbəbi həm də Köçəryan və Sarkisyanın vaxtilə törətdikləri cinayətlərdirbackend

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ilə yaxın davam edən Qarabağ problemini həll etdi və Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu. Münaqişənin tamamilə Azərbaycanın maraqlarına uyğun həll olunması Ermənistanda dərin siyasi çatlar yaratdı. Demək olar ki, dövlət institutları faktiki olaraq fəaliyyət göstərmir. Paşinyan öz nüfuzunu tamamilə itirib və Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat deyib: “Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsi zamanı fərarilik edən çoxlu sayda erməni əsgər və könüllülər döyüş meydanından kifayət qədər silah-sursatla qaçıblar, bu da Ermənistan üçün olduqca təhlükəli vəziyyət yaradıb. Hakimiyyətdə olduqları müddətdə Qarabağ kartından daim istifadə edən Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sarkisyan da hazırda bu ölkədə aktiv siyasi proseslərə qoşulmaq niyyətindədirlər. Onlar bu dəfə də Qarabağ kartından istifadə etməyə çalışırlar. Forma dəyişsə də məzmun dəyişməyib. Onlar artıq dərk etməlidirlər ki, Azərbaycan qalib ölkədir, Qarabağ problemi deyilən bir anlayış yoxdur, Ermənistanın inkişafı birbaşa olaraq qonşuları ilə münasibətlərin normallaşmasından asılıdır, yeni növ münaqişə yaratmaq cəhdi, sadəcə olaraq, Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər. Əlləri minlərlə günahsız azərbaycanlının qanına batmış bu şəxslər həm də öz xalqını aldadırlar. Bu canilər öz xalqına qarşı da kifayət qədər ağır cinayətlər törədiblər.

Paşinyanı hansısa məsələlərdə ittiham edən Köçəryan və Sarkisyan həm də öz əməllərinə, hakimiyyətdə olduqları vaxt törətdikləri cinayətlərə də aydınlıq gətirməlidirlər. Əslində Ermənistanın bugünkü ağır vəziyyətə gəlməsində ən böyük günahkarlar sırasında bu iki şəxsin adı ilk sıralardadır. Onlar özləri də bunu çox yaxşı bilirlər. Sadəcə olaraq, hakimiyyət hərisliyi yeni qurbanlar verilmək bahasına olsa da, onlar üçün hər şeydən önəmlidir. Amma erməni xalqını fikirləşən hər hansı bir erməni siyasətçi yaxşı başa düşməlidir ki, onların qurtuluşu Azərbaycandan asılıdır. Bu reallığı nə qədər tez dərk eləsələr, onlar üçün bir o qədər yaxşı olacaq.

İctimai.az