Ermənistanın revanşist siyasəti region üçün təhlükədirbackend

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin yenidən üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan–Ermənistan dövlət sərhədini pozaraq, genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etdi. İşğalçı ölkə növbəti dəfə bu təxribatı törətməklə revanşist niyyətindən hələ də ələ çəkə bilmədiyini bir daha göstərdi. Regionda sülhün bərqərar olmasına əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olması, hərbi infrastruktura vurulan zərbə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin həyatının təhlükə qarşısında olmasına görə, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə olduğunu bildirdi və dedi ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatının zəfərimizlə başa çatması nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun  “dəmir yumruq” əməliyyatını sürətlə həyata keçirməsi ilə nəticələndi. Ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısının qətiyyətlə alınmasına Ali Baş Komandanın siyasi gücü, iradəsi, Azərbaycan ordusunun gücü var.

Əlbəttə ki, zəfər tariximizə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində düşmənə gücümüzü göstərmişdi. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpağımız Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. “Dəmir yumruğ”un gücünü görmüş ermənilər Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq,avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

Ermənistan ordusunun  törətdiyi təxribatların soydaşlarımızın Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışına zərbə endirmək, geniş abadlıq-quruculuq işlərini ləngitmək, eləcə də, sülh sazişinin imzalanmasını gecikdirmək kimi məqsədin dayanması şübhəsizdir. “Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan  rəhbərləri arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”,– deyə Azərbaycan Prezidenti Səmərqənddə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirdi.

Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükə yaradır. Rəsmi İrəvanın təxribatları yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan erməni təxribatları çirkin niyyətlərin reallaşmasına xidmət edir. Təbii ki, Ermənistanın çirkin əməllərinin reallaşmasına dəstək olan, onlara yardım göstərən qüvvələr, regionun inkişafını, uğurlarını həzm etməyənlərdir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan öhdəlikləri yerinə yetirmir, faşizm ideologiyasından əl çəkə bilmir.

Sözsüz ki, düşmənin bu çirkin və xain əməlləri cavabsız qalmadı və Azərbaycan Ordusu  qisasını növbəti dəfə də aldı. Silahlı Qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də xarici dövlətlərdən yararlanmaq niyyətində olan Ermənistan Fransadan, ABŞ-dan, eləcə də digər ölkələrdən imdad diləyir. Təəssüf hissi doğursa da, qeyd etməliyik ki, bəzi antimilli qüvvələr də haqqa və reallığa söykənməyən mövqelər sərgiləyirlər. Ənənəvi ampluadan çıxış edərək, ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə etməyə çalışırlar. Radikal müxalifət xaricdəki ermənipərəst dairələrdən aldıqları tapşırıqla Azərbaycana qarşı çirkin kampaniyaya aparır. Anti-milli ünsürlərin davranışları belə həssas dönəmdə xalqımız tərəfindən qətiyyətlə pislənilir. Demokratik mübarizədən uzaq olanlar bilməlidirlər ki, Vətən, onun ərazi bütövlüyü ilə bağlı ali məsələlərdə düşmənin xidmətində durmaq ən böyük şərəfsizlikdir. Ölkəmizin imicinə zərbə endirmək, pulu Vətəndən üstün tutmaları, ermənilərin havadarı kimi çıxış etmələri onların kimə və necə xidmət etdiklərini bir daha ortaya qoyur.

Mənsub olduğu xalqın, vətəndaşı olduğu respublikanın, eləcə də dövlətin əldə etdiyi nailiyyətləri görməmək, ancaq  anti-Azərbaycan qüvvələrin sifarişini yerinə yetirməkdən qaynaqlanan antimilli qüvvələr hələ də iftira və böhtanları ilə xalqa və Vətənə xəyanət etməkdədirlər. Onlar unutmamalıdırlar ki,  Azərbaycanının bayrağını yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik böyük lideri, sərkərdəsi və Prezidenti var. Bu güc, bu sərkərdəlik Azərbaycan xalqını qalib xalq kimi dünyaya tanıtdı, Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini artıq darmadağın edib.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri