Son bir ayda “Expressbank”dan şikayətlər 2 dəfədən çox artıb.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, “Expressbank” AMB-nin açıqladığı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində 2.83 bəndlə lider olub. İyul ayında bu rəqəm 1.33 bənd olub və bank şikayətlər üzrə sarı zolaqda yer alıb.
Qeyd edək ki, bankdan şikayətlər bu ilin aprel ayından etibarən artmağa başlayıb. Belə ki, aprel ayından indeks 1.09, may ayında 1.70, iyun ayında isə bu göstərici 1.80 bəndə yüksəlib. Ümumilikdə bankla bağlı şikayətlər bir neçə ayda 3 dəfəyə yaxın artıb.
Şikayətlərin nədən qaynaqlandığı haqqında isə hər hansı bir məlumat yoxdur.
Xatırladaq ki, “Express Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 19,98%-I Seyidov Hafiz Mirzağa oğluna, 48,78%-I onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə və 0,38%-i Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.