Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildibackend

Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları – Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə veriliblər.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

“Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini, Samirə Akif qızı Ağamalı, Kamran Yalçın oğlu Ağamalı, Orxan Yalçın oğlu Ağamalı və Suğra Sevindik qızı İmanova adlı vətəndaşları da məhkəməyə verib.

Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.

“Agricola” MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.

Fəzail Ağamalı açıqlamasında məlumatı təsdiqləyib.

Fəzail Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl “Agricola” şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb:

“Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq “Aqrarkredit”in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub”.

Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.

Fəzail Ağamalı Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Budəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.