Finlandiya prezidenti Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı açıqlama veribbackend

Finlandiya prezidenti Aleksandr Stubb əmin olduğunu bildirib ki, Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifləri əsasında Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı qərar qəbul edəcək.

O, bu barədə “Politico”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, qərarı Avropa Şurası və Belçikanın özü verəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen etiraf edib ki, Ukrayna 2026-cı ildə iqtisadi çıxılmaz vəziyyətə düşə bilər. Ona görə də o, Kiyevə maliyyə yardımı üçün üç variant təklif edib, onlardan biri Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasını nəzərdə tutur. Aİ Belçikanı əmin edib ki, bu halda “Kremldən cavab tədbirləri qarşısında tək qalmayacaq”. Ukraynaya ödənişlərin 2026-cı ilin ikinci rübündə başlayacağı gözlənilir.

Təşəbbüs Aİ-nin dekabrın ortalarında keçiriləcək sammitində razılaşdırılmalıdır. Stubb ümid etdiyini bildirib ki, Aİ Ukraynaya maliyyənin davam etdirilməsi məsələsini həmin sammitə qədər həll edəcək.