Fuad Heydər: “31 Mart faciəsi – insanlığa qarşı Soyqırım cinayətidir”backend

1918-ci il 31 Mart – erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 104 il ötür. Hər il 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Bu tədbirlərdə biz gənclər daha çox fəallıq nümayiş etdiririk. Çünki belə bir söz var: «Öz tarixini bilməyən gənc vətənpərvər ola bilməz». Bəli, biz gəncləri vətənpərvər edən bizim tariximizdir. Tariximizə yazılan şərəfli səhifələri və soyqırımı günlərini hər bir Azərbaycan gənci dərindən bilməli, min bir əziyyətlə qazınılan Azərbaycanın müstəqilliyini və bu müstəqilliyin əldə olunması ilə bağlı hadisələrdən nəticə çıxarmağı bacarmalıdır. Çünki Soyqırım bəşəriyyətin heç sağalmayan yarasıdır.
Millətimizin, ölkəmizin yaddaşına növbəti qara, qanlı hərflərlə yazılan 31 Mart soyqırımı da mənfur erməni birləşmələrinin öz niyyətlərini – azərbaycanlıları yer üzündən silmə niyyətlərinin bariz nümunəsidir. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Bax, bu tarixi hadisələr heç vəxt unudulmamalıdır və unudulmur da! Və bu hadisələrdə nə qədər olursa-olsun, millətimiz heç vaxt yıxılmadı, xalq olaraq hər zaman bir olduq, birlikdə güclü olduq. Bu sahədə də hər bir gəncin başlıca vəzifəsi tariximizi yaşatmaq, haqq səsimizi dünyaya çatdırmaqdır. Bizlər aldığımız bu öhdəliyi, layiqincə yerinə yetirsək, o zaman bütün düşmənlərə sinə gərər, gələcək nəsillərə də bu tarixi ötürər və bir daha xalqımızın başına bu cür faciələrin gəlməsinə əngəl olarıq. Xalqımıza qarşı istər Xocalı soyqırımı, istər 31 Mart soyqırımı, istərsə də 20 Yanvar faicələri nəinki azərbaycanlılara bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. Biz Azərbaycan gəncləri olaraq erməni vandallarının bu antiinsani əməllərini heç vaxt unutmamalı, soyqırımı qurbanlarının xatirəsini daim uca tutmalıyıq. Bu, bizim bir növ vətəndaşlıq borcumuzdur. İllər keçsə də, bu hadisələr heç bir insanın yaddaşından silinmir və siliməyəcək. Əksinə, bizə daim keçmişimizi, kimliyimizi xatırladır. Çünki bu, Azərbaycanın qanla yazılmış tarixidir və bunu hər bir gənc dünyaya çatdırmalıdır.
Qeyd edək ki, 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Lakin Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bununla yanaşı, üç il əvvəl Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Bu gün hər bir gənc xalqımıza qarşı edilən bu soyqırımları öyrəndikcə bizə dostumuzu, düşmənimizi yaxşı tanımağı təlqin edir və bundan sonra torpaqlarımızın bir qarışını belə verməmək üçün əlimizdən gələni etməliyik. Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki Müdrik Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi.
Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.
Prezident İlham Əliyev: «Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik».
Beləliklə, 31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası döyüş meydanında alındı. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə soyqırımı qubanlarının da ruhu şad oldu.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının təlimatçısı